İspaniyanın Baş naziri Pedro Sançes 2026-cı ildə Ukraynaya hərbi dəstək üçün 1 milyard avro ayırmaq planını açıqlayıb.
Bu barədə Mia.az Ukrayna KİV-nə istinadən xəbər verir.
"Mən Ukrayna Prezidenti Volodimir Zelenskiyə İspaniya hökuməti üçün iki prioritet istiqamətə yönəldiləcək yeni dəstək tədbirləri barədə məlumat verdim. Birincisi, 2026-cı il üçün hərbi dəstək məqsədilə 1 milyard avro məbləğində yeni öhdəlikdir. Beləliklə, münaqişənin əvvəlindən bəri İspaniyanın ümumi dəstəyi təxminən 4 milyard avro təşkil edəcək", - P.Sançes bildirib.
Hökumət başçısının sözlərinə görə, yardımın əhəmiyyətli hissəsi müdafiə sənayesi sahəsində birgə istehsala yönəldiləcək. Bununla əlaqədar olaraq, artıq Ukrayna və İspaniyanın Müdafiə nazirlikləri, həmçinin iki ölkənin şirkətləri və müəssisələri arasında bir neçə saziş imzalanıb.
P.Sançes ikinci prioritet istiqamət kimi İspaniyanın Avropa İttifaqının (Aİ) SAFE vasitəsilə Avropa müdafiə sənayesinin genişləndirilməsi və gücləndirilməsi proqramında iştirakını qeyd edib. O deyib ki, ölkə Ukraynaya dəstəyin bir hissəsini məhz bu mexanizm vasitəsilə maliyyələşdirəcək, həmçinin digər Aİ üzvü olan dövlətlərin bu alətdən istifadəyə cəlb edilməsi üzərində işləyəcək.