"Əlbəttə, mən razılaşmaya üstünlük verərdim, amma əgər belə olmazsa, İran və onun xalqı üçün çox pis günlər olacaq".
Mia.az xarici mətbuata isinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Tramp Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin İranla müharibəyə qarşı olduğu iddialarına münasibətdə deyib.
Tramp "Bütün qərarları mən verirəm", - vurğusunu qabardaraq bildirib ki, Qərargah rəisi haqda deyilənlər tamamilə yalandır: "Saxta xəbər mediasında general Keynin İranla müharibəyə getməyə qarşı olduğu barədə məlumatlar yayılır. Bu məlumatlar 100 faiz yalandır. İranla bağlı hər şey mənim qərarımdır. İrana hücum etmək qərarına gəlsəm, Keynin ordunu çox yaxşı idarə edəcəyinə əminəm. Əlbəttə, general Keyn də hamımız kimi, müharibə istəmir, amma inanır ki, İrana qarşı hərbi qərar verilərsə, asanlıqla qalib gələcəyik".
ABŞ prezidenti daha sonra Tehran rejiminə növbəti müraciət edib: "Qərarı verən mənəm. Və mən razılaşmaya üstünlük verirəm, amma razılaşma olmazsa, təəssüf ki, İran və onun xalqı üçün çox pis bir gün olacaq".
Xatırladaq ki, bir ara iddia edilirdi ki, ABŞ Silahlı Qüvvələrinin Birgə Qərargah Rəisləri Komitəsinin sədri Keyn prezident Donald Trampı İrana qarşı mümkün hərbi əməliyyatın uzunmüddətli münaqişəyə səbəb ola biləcəyi barədə xəbərdar edib. Guya Keyn Trampa İrana hücumun ciddi risklər yarada biləcəyini deyib.
Samir MUSAYEV
MİA.AZ