Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş, sabiq prezident Elçibəyin vaxtilə köməkçisi olmuş Oqtay Qasımov dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıb.

Oqtay Qasımov bildirib ki, borcun qarşılığında ona torpaq verilib: "Borca görə mənə torpaq da verilib. Verdiyi torpağı satmıram, çünki mənə torpaq yox, pul lazımdır. Pulumu versə, torpağı ona geri verəcəm. Mənə dəyən ziyanın 25 min dolları ödənib".

Anar Əsədli isə deyib ki, onun dediklərinin çoxu yalandır: “Zərərçəkmişin dərdi pul deyil, məni dələduz kimi göstərməkdir. Ondan pul aldığımı danmıram, amma mən 300 min dollarlıq tender almışamsa, onun 50 min dollarına necə ehtiyacım ola bilər?"

Daha sonra ifaddə verən Tamara Allahverdiyeva isə bildirib ki, Anar Əsədlinin anası Şəfiqə xanımla iş yoldaşı olub: “Ona 45 min dollar pul vermişəm. Anar müəllimin qardaşı Hilala maşın alınacaqdı. 45 mini 2-3 dəfəyə verdim, dəqiq yadımda deyil. Anara da, Şəfiqəyə də, Hilala da pulları borc kimi əlbəəl vermişəm. Bundan əvvəl məndən borc istənilməyib. Pulumu qaytarıblar, heç kimə şikayət etməmişəm. İndi də şikayətim yoxdur”.

Növbəti proses martın 13-nə təyin edilib.

Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.

Cinayət işində zərərçəkən qismində Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsibov və Tamara Allahverdiyeva tanınıb/APA