Leyla Əliyeva və Alena Əliyeva Gəncədə 4 nömrəli uşaq evində olublar.
Mia.az xəbər verir ki, ziyarət zamanı uşaq evinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, 4 nömrəli uşaq evi valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşaqlara xidmət göstərir. Hazırda uşaq evinin 64 sakini var. Onlara sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedaqoji və sosial-hüquqi xidmətlər göstərilir.
Qeyd olunub ki, müəssisə 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir olunub. Fond uşaq evinin sakinlərini daim diqqətdə saxlayır, burada mütəmadi olaraq şənliklər, əyləncəli tədbirlər təşkil edilir.
***
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə fəaliyyət göstərən qadın sahibkar Fidan Zari tərəfindən yaradılmış "Zarif Natural" brendi ilə tanış olublar.
Mia.az xəbər verir ki, onlar sahibkarla səmimi söhbət edib, ideyanın formalaşması, brendin yaranma hekayəsi və məhsulların hazırlanma prosesi ilə maraqlanıblar.
Daha sonra müəssisədə soyuq sıxım üsulu ilə müxtəlif yağlar və digər məhsullar birgə hazırlanıb. Leyla Əliyeva və Alena Əliyeva qadın sahibkara fəaliyyətində uğurlar arzulayıb, onun təşəbbüskarlığını və zəhmətkeşliyini yüksək qiymətləndirib, xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, "Zarif Natural" brendi sağlam və balanslı qidalanma prinsiplərinə əsaslanaraq soyuq sıxım yağların, qatqısız çərəz əzmələrinin və qlütensiz unların istehsalı və istehlakçılara təqdim olunması istiqamətində fəaliyyət göstərir.
***
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər.
Mia.az xəbər verir ki, məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilib. Gəncənin mərkəzində yerləşən bu abidə orta əsr Azərbaycan memarlığının portal-günbəz ənənələrini, lakonik və ifadəli bədii-konstruktiv xüsusiyyətlərini özündə birləşdirir.
Sonda Leyla Əliyeva və Alena Əliyevaya "Qurani-Kərim" hədiyyə olunub.
Qeyd edək ki, məscid 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə bərpa olunub.
***
Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksi ilə tanış olublar.
“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev tərəfindən 2025-ci il sentyabrın 27-də – Anım Günündə açılışı həyata keçirilən bu kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.
Kompleksin birinci mərtəbəsində muzey ekspozisiyası, ikinci mərtəbədə isə müxtəlif tədbirlərin keçirilməsi üçün zal yerləşir.
Leyla Əliyeva və Alena Əliyeva, həmçinin Gəncədə Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət edib.
Görüş zamanı qəhrəmanımızın xatirəsi dərin hörmətlə yad edilib, ailə üzvləri ilə səmimi söhbət aparılıb.
Natiq Qasımov Birinci Qarabağ müharibəsi zamanı Ağdam-Xankəndi istiqamətində döyüşlərdə misilsiz igidlik göstərib. O, müharibə zamanı beş gün təkbaşına mühasirədə qalsa da erməni işğalçılarına sonadək müqavimət göstərib.
Görüş zamanı şəhidin şərəfli ömür və döyüş yolu bir daha xatırlanıb.






