"Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri möhkəm olacaq. Yerdə qoşunlar, havada reaktiv təyyarələr və Qara dənizdə gəmilərimiz olacaq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte Kiyevdə jurnalistlərə açıqlama verib.

Rutte bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukrtayna hücum edəndə istəyinə tez nail olacağını düşünüb: "Lakin bu, olmadı. O, daha sonra Ukraynanın və mütəfiqlərinin zamanla yorulacağını düşündü, bu da olmadı. Ukrayna və müttəfiqləri sarsılmayacaq. Putin çox yanılıb. Ukrayna güclüdür və dəstəyimiz sarsılmazdır".

Baş katib deyib ki, qlobal proseslərdə baş verən hadisələrin (İran, Qrenlandiya və sair hadisləri nəzərdə tutur - Mia.az) kontekstində bəziləri Ukraynaya dəstəyin zəiflədiyini düşünə bilər: "Amma sizi əmin etmək istəyirəm ki, diqqətimizi başqa yerə yönəltməmişik. Ukrayna təhlükəsizliyimiz üçün vacibdir və belə də qalacaq. Ukraynaya dəstək öhdəliyimiz sarsılmazdır. Dediyim kimi, Ukraynaya təhlükəsizlik zəmanətlərimiz möhkəmdir və bu, vacibdir. Çünki bilirik ki, bu dəhşətli müharibəyə son qoymaq və razılığa gəlmək çətin seçimlər tələb edəcək".

Rutte sonda qeyd edib ki, Rusiyaya təzyiq və Ukraynaya dəstək davam edəcək: "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək".

Hüseyn Namazov

MİA.AZ