Nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator olan "Təmiz Şəhər" ASC təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyi və nəticəliliyinin qiymətləndirilməsi məqsədilə 2024-cü ildə aparılmış səmərəlilik auditi zamanı aşkar edilmiş bir sıra nöqsanlar bu günədək aradan qaldırılmayıb.

Mia.az xəbər verir ki, bu barədə Hesablama Palatası məlumat yayıb.

Auditin nəticələrinə əsasən, təhlükəsiz tullantıların hərəkətində hüquqi tənzimləmənin və idarəetmənin təkmilləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tətbiq etdiyi inzibati cərimələr üzrə 2024-cü ilin əvvəlinə formalaşmış 978,6 min manat məbləğində debitor (ödənilməmiş) borcun ödənilməsi üçün təsirli tədbirlər görülməyib.

Bununla yanaşı, ASC-nin fəaliyyətə başladığı dövrdən 01.01.2024-cü ilə qədər olan maliyyə əməliyyatları nəzərə alınmaqla nizamnamə kapitalının 126,6 milyon manat artırılaraq 135,7 milyon manata çatdırılması prosesi tamamlanmayıb.

Eyni zamanda, 2021, 2022 və 2023-cü illər üzrə maliyyə hesabatlarının tərtib edilərək aidiyyəti üzrə təqdim edilməsi və dərc olunması da təmin edilməyib.

Audit zamanı dövlət əmlakının uçotunda da nöqsanlar aşkarlanıb. Belə ki, kapitallaşdırma və amortizasiya məbləğlərinin uzunmüddətli aktivlər üzrə ayrı-ayrılıqda uçota alınması ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməyib.

Hesabatda Bakı, Sumqayıt, Gəncə, Yevlax, Şirvan, Mingəçevir, Abşeron, Ağcabədi, Bərdə və Beyləqan şəhər və rayon icra hakimiyyətlərinin tabeliyində ayrıca hüquqi şəxs kimi fəaliyyət göstərən mənzil-kommunal təsərrüfatı birliklərinin 2021–2023-cü illər üzrə maliyyə hesabatlarının təqdim və dərc edilmədiyi də qeyd olunub.

Bundan başqa, Sumqayıt şəhərində "Sumqayıt şəhər Təmizlik Departamenti" MMC-yə məxsus 110 hektar ərazidə yerləşən tullantıların zərərsizləşdirilməsi poliqonunun kənar hüquqi şəxslərin istifadəsinə verilməsi nəticəsində iqtisadi səmərənin itirildiyi, lakin bu prosesin hüquqi aktların tələblərinə uyğunlaşdırılmadığı bildirilib.

Audit sənədlərində dövlət büdcəsinin investisiya xərcləri hesabına alınmış uzunmüddətli aktivlər, o cümlədən yükdaşıyan nəqliyyat vasitələri üzrə amortizasiya xərcinin illik normasının 40 %-ə qədər məhdudlaşdırılması və nizamnamə kapitallarının uyğunlaşdırılması ilə bağlı tədbirlərin də 2024-cü ildə aparılmış yoxlamaya baxmayaraq icra edilmədiyi vurğulanır.

Sadalanan bütün nöqsanlar üzrə qərarların icrası hazırda izlənilmə mərhələsindədir.