Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması ilə bağlı toxunduğu məqamlar olduqca önəmlidir. Azərbaycanlı kimi ölkə başçısına təşəkkür edirəm ki, bu məsələ ilə bağlı öz mövqeyini bir daha bəyan etdi. Məhz dövlət başçısının bu çıxışından sonra ölkəmizin hər yerində, uşaq bağçalarında, məktəblərdə, universitetlərdə dillə bağlı çox ciddi tədbirlər həyata keçirilir".
Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Misir Mərdanov deyib.
Akademik bildirib ki, bu gün istənilən ali təhsil ocağının əməkdaşlarının və tələbələrinin Azərbaycan dilini səlis şəkildə bilməsi, istifadəsi və təbliği ilə bağlı üzərinə böyük məsuliyyət düşür: “Bununla bağlı bizlər də bir plan hazırlamışıq. İndi ölkəmiz elə bir dövrünü yaşayır ki, onun dilini qorumaq bizim hamımızın borcudur”.
Misir Mərdanov qeyd edib ki, dilimizi xarici təsirlərdən, başqa amillərdən qorumağa çalışmalıyıq: “Mən də bir ziyalı kimi bu istiqamətdə öz bilik və bacarığımı əsirgəməyəcəm. Sözsüz ki, müasir alətlər, süni intellektin inkişafı yaxşı haldır. Amma heç bir şey kitabı, danışığı əvəz edə bilməz. Süni intellekt, “ChatGPT” və digər amillər sadəcə olaraq bir vasitədir. Bu alətlər işləri müəyyən mənada yüngülləşdirmək üçündür. Ancaq hər halda biz onlardan bacarıqla, səmərəli istifadə etməklə dilimizin təmizliyini qorumalıyıq”/Teleqraf.