"Körpü-Bina-Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşov sahibi olduğu "Ramin-Nur" şadlıq sarayında camış ətinin dana əti adı ilə təqdim olunaraq istehlakçıların aldadılması məlumatına reaksiya verib.

Mia.az xəbər verir ki, iş adamı Qaynarinfo-ya açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatdan narazı qaldığını deyib: "Bəli, "Ramin-Nur" şadlıq sarayı mənimdir. Amma şadlıq saraylarını işlətməyə vaxtım yoxdur. Sözügedən obyekti icarəyə vermişik (fiziki şəxs Quliyev Firdovsi Mülkü oğlu). Şadlıq sarayında Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yoxlama aparıb. Yoxlamanın rəsmi nəticələri dekabr ayının 20-də bəlli olacaq. Amma AQTA-nın götürülən ət nümünələrinin müayinəsinin rəsmi cavabı çıxmadan açıqlama verməsini başa düşə bilmirəm".

Xəlil Göyüşov AQTA-nın tələm-tələsik açıqlama verməsini qərəzli hesab edir: "Birincisi, araşdırmanın nəticələri tam yekunlaşmamış bu cür açıqlama yaymaq düzgün deyil. AQTA-nın əməkdaşları ətdən nümunə götürüb, 20 dekabrda nəticələr çıxacaq. Əgər həqiqətən ət camış əti idisə, bunu elə həmin gün açıqlayardılar".

İş adamı araşdırmanın nəticəsindən aslı olaraq sözügedən icarədarı ilə müqaviləyə xitam verə biləcəyini deyib.

***

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda qanunsuz fəaliyyət göstərən “Ramin-Nur” şadlıq sarayının camış ətini dana əti adı ilə təqdim edərək istehlakçıları aldatdığını aşkarlayıb.

Mia.az xəbər verir ki, sözügedən “Ramin Nur” şadlıq sarayı “Körpü Bina Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşovundur.

Şadlıq sarayına da oğlu Raminin adını verib. Ramin Göyüşov özü də iş adamıdır. Müxtəlif vaxtlarda mediada onun da adı hallanıb.

Hansı ki, həmin şirkətlə bağlı da müxtəlif vaxtlarda şikayətlər olub. 

Həmin şikayətlə bağlı hazırda araşdırma aparılır.

Qeyd edək ki, Xəlil Göyüşovun Bakıda bir neçə villasının, Sumqayıtda əlavə şadlıq sarayının olduğu deyilir. (Mənbə: qafqazinfo)

***

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda fəaliyyət göstərən şadlıq sarayında istehlakçı hüquqlarının kobud şəkildə pozulduğunu və sanitariya normalarına əməl edilmədiyini aşkar edib.

Mia.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, agentlik əməkdaşları Xətai rayonu, R.Bağırov küçəsi, ev 58 ünvanında yerləşən, fiziki şəxs Firdovsi Quliyevə məxsus “Ramin Nur” şadlıq sarayında yoxlama keçiriblər.

Məlumata görə, baxış zamanı istehlakçı hüquqlarının və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Camış ətinin istehlaka dana əti adı ilə təqdim edildiyi aşkarlanıb. Həmin camış ətləri müvafiq baytarlıq sənədi və idxal sağlamlıq aktı ilə müşayiət edilib. Qeyd olunan hal qida təhlükəsizliyi riski yaratmasa da, istehlakçıların aldadılaraq onların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur.

Bundan başqa, şadlıq evində tərkibi ilə etiket məlumatları uyğunsuzluq təşkil edən alkoqolsuz içkilərin təqdim edildiyi məlum olub. Qida məhsullarının saxlanması ilə bağlı tələblərin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, mətbəxdə istehlaka hazır qidalardan, donmuş ət məhsullarından və meyvə şirəsindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib, icrası məcburi göstərişlər verilib.