Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən “Şəfəq-Asiman” yatağında layihənin idarə edilməsini təmin etmək məqsədilə yeni müəssisə yaradıb.

Mia.az Banker.az-a istinadla xəbər verir ki, Yeni yaradılan “SOCAR Şəfəq-Asiman” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna götürülüb.

Şirkət Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 121-də yerləşir. Bu ünvanda SOCAR Tower, baş ofis yerləşir. MMC-nin direktoru Rəşad Bəxtiyev Zahir oğludur.

Qeyd edək ki, “Şəfəq-Asiman” qaz yatağı üzrə əməkdaşlıq çərçivəsində Türkiyənin “Türk Petrolları A.O” (TPAO) şirkəti layihəyə 30 faiz payla ortaq olub. Bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Bakıda keçirilən 30-cu Xəzər Neft və Qaz Sərgisində bildirmişdi.

Nazir qeyd etmişdi ki, TPAO SOCAR və BP ilə birlikdə bu sahədə hasilata başlamağı planlaşdırır və Türkiyə-Azərbaycan enerji əməkdaşlığı Xəzər dənizində daha da genişlənəcək.