Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlidən şikayətçi olan 4 nəfərin kimliyi məlum olub.

Mia.az lent.az-a istinadən xəbər verir ki, onlar - Oqtay Qasımov, İlham Hüseynov, Etibar Nəsibov və Tamara Allahverdiyevadır.

Oqtay Qasımov və İlham Hüseynovun Anar Əsədlidən şikayətçi olmalarına dair məlumatlar mediada gedib.

Lakin Etibar Nəsibovla Tamara Allahverdiyevanın adları isə mediada yazılmayıb.

Əldə etdiyimiz məlumata görə, onların hər ikisi Anar Əsədliyə borc verdiklərini və pullarını geri ala bilmədikləri üçün ondan şikayətçi olublar.

Qeyd edək ki, Anar Əsədli 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib.

Sonradan isə məhkəmə Anar Əsədlinin ev dustaqlığına buraxılması ilə bağlı qərar vermişdi.

***

Ləğv edilmiş Yüksəliş Partiyasının keçmiş sədri Anar Əsədli həbs olunub.

Bu barədə onun vəkili Hikmət Əliyev məlumat verib.

O bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə qərar qəbul edilib: "Anar Əsədli barəsindəki cinayət işi üzrə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxsin vəsatəti əsasında həbs edilib. Onun barəsində polis nəzarəti qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəzlənib".

Qeyd edək ki, A.Əsədli dələduzluqda ittiham olunur. O, 2022-ci ildə həbs edilsə də, daha sonra ev dustaqlığına buraxılmışdı və barəsində olan cinayət işinə xitam verilmişdi.

Bu il Baş Prokurorluq tərəfindən onun barəsində olan cinayət işi yenilənib/Report.