“Son günlər kəndlərdə heyvanlar arasında dabaq xəstəliyinin yayılması ilə bağlı ciddi narahatlıq müşahidə olunur. Sosial şəbəkələrdə də fermerlərin və heyvandarlıqla məşğul olan vətəndaşların bu məsələ ilə bağlı paylaşmaları, çağırışları artır. Dabaq xəstəliyi — kənd təsərrüfatı heyvanlarının yüksək yoluxucu və təhlükəli virus xəstəliyidir. O, heyvandarlığın məhsuldarlığını azaldır, iqtisadi itkilərə səbəb olur və ixrac potensialına mənfi təsir göstərir”.
Mia.az xəbər verir ki, bu sözləri deputat Müşfiq Cəfərov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu xəstəlik ixrac potensialına mənfi təsir edir: “Bu səbəbdən, dabaq xəstəliyinə qarşı profilaktika dövlət səviyyəsində prioritet məsələ kimi dəyərləndirilməlidir. Ən vacib addım mütəmadi vaksinasiya və peyvəndləmə işlərinin fasiləsiz aparılmasıdır. Riskli ərazilərdə bütün sağlam heyvanlar dövri şəkildə peyvəndlənməli, vaksin təminatı vaxtında və tam həcmdə həyata keçirilməlidir. Yeni gətirilən heyvanların karantində saxlanılması, yoluxma riskinin minimuma endirilməsi vacibdir. Fermerlərdə müşahidə olunan simptomlar, qızdırma, ağız və dırnaq ətrafında yaranan aftalar, iştahsızlıq dərhal baytarlıq xidmətlərinə bildirilməli, diaqnostika və təcrid prosesi operativ həyata keçirilməlidir. Dabaq nadir hallarda insana keçə bilər. Bu, adətən çiy və ya pasterizə olunmamış süd və ət məhsullarının qəbulu zamanı mümkündür. Bu baxımdan, həm əhalinin maarifləndirilməsi, həm də qida təhlükəsizliyinə nəzarət tədbirləri gücləndirilməlidir”.