"Qida Təhlükəsizliyi, Kənd Təsərrüfatı Nazirliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qəhvəyi məxmər bağacığına qarşı mübarizə tədbirləri kifayət etmir".
Mia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Asif Əsgərov bildirib.
"Zaqatala rayonu Azərbaycanın ən məhsuldar aqrar bölgələrindən biridir. Xüsusilə fındıqçılıq və meyvəçilik bu rayonun əsas gəlir mənbələrindəndir. Fındıq istehsalı ölkəmiz üçün ixrac potensialına görə, strateji əhəmiyyət daşıyır. Bu gün kənd təsərrüfatında ən ciddi təhlükələdən biri olan qəhvəyi məxmər bağacığı Zaqatala ərazisində də geniş yayılaraq meyvə-tərəvəz, fındıq, çay və qarğıdalı sahələrinə ciddi ziyan vurub. Nəticədə məhsuldarlıq azalıb, məhsulun keyfiyyəti pisləşib, bununla da qeyri-neft-qaz sektoruna ciddi zərər dəyib", - deyə o qeyd edib.
Bundan başqa, deputat deyib ki, bu zərərverici təkcə kənd təsərrüfatına deyil, həmçinin insanların gündəlik həyatına da ciddi ziyan vurur: "Böcəklərin yaşayış evlərinə dolması yerli sakinlərin narahatlığını artırır. Qəhvvəyi məxmər bağacığı eyni zamanda ekoloji balans üçün də ciddi təhlükə mənbəyi hesab edlir. Bu zərərverici 300-dən artıq bitki ilə qidalanır ki, bunun da 100-ə yaxın növü Azərbaycan florasında mövcuddur"(Report).