Gəncə Dövlət Universitetinin (GDU) Fizika və texniki fənlər fakültəsinin “ÜTF və texnologiya” kafedrasında “Robototexnika və STEAM: İnnovativ texnologiyaların inkişafında fənlərarası yanaşma” mövzusunda elmi seminar keçirilib.

Mia.az xəbər verir kii, “ÜTF və texnologiya” kafedrasının müdiri, dosent Elçin Cavadov çıxış edərək Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibova universitetdə yaradılan elmi mühitə görə seminar iştirakçıları adından təşəkkürünü bildirib.

Elçin Cavadov çıxış edərək təqdim olunan  mövzunun aktuallığından, eləcə də STEAM təhsilinin əhəmiyyətindən danışdı və qeyd edib ki, GDU-da STEAM laboratoriyası da fəaliyyət göstərir, bu laboratoriya  müasir avadanlıqlarla təchiz olunub.

Daha sonra qeyd edib ki, fənlərarası yanaşmanın əsas üstünlüyü – şagird və tələbələrin yalnız nəzəri biliklərə deyil, praktiki və yaradıcı bacarıqlara da yiyələnməsini təmin etməsidir: "Robototexnika bu baxımdan ideal bir vasitə olaraq çıxış edir. O, riyaziyyat və fizika kimi dəqiq elmlərlə yanaşı, texnologiya və dizayn sahələrini də bir araya gətirərək tələbələrdə real problemlərin həllində kompleks düşünmə imkanı yaradır...".

“ÜTF və texnologiya” kafedrasının baş müəllimi Elçin Məmmədov öz çıxışında  təqdim olunan mövzu ətrafında geniş məlumat verib.

Seminarın məqsədi STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) təhsil modeli çərçivəsində robototexnika sahəsinin imkanlarını araşdırmaq, müxtəlif fənlərin inteqrasiyasının innovativ yanaşmalar yaratmadakı rolunu müzakirə etmək olmuşdur.
İştirakçılarda  ağıllı ev sistemləri, ekoloji sensorlarla təchiz olunmuş robotlar, eləcə də süni intellektlə idarə olunan qurğular haqqında verilən məlumatlar xüsusilə maraq doğurdu. İştirakçılar fənlərarası əməkdaşlığın, problem əsaslı təhsilin və komanda işinin innovasiya yaratmaqda nə qədər önəmli olduğunu bir daha vurğuladılar. Bu kimi seminarlar təhsil sistemində keyfiyyətin artırılması və gənc nəslin rəqəmsal dünyaya inteqrasiyası baxımından mühüm addımlardır.

Seminarda kafedranın professor-müəllim heyəti, tələbələr, eləcə də digər kafedraların əməkdaşları da iştirak etmişdir. Seminar zamanı iştirakçılar robototexnika layihələrinin hazırlanması, proqramlaşdırma bacarıqlarının inkişaf etdirilməsi və yaradıcı düşüncənin təhsildə tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparmışlar.