"Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevlə bağlı həbs qərarı və bir çox məsələlərin ortaya çıxması təəssüf doğurur. Bu işin araşdırılması üçün həmin sahənin mütəxəsisləri ciddi şəkildə axtarış aparıb, faktları tapıblar, sübutlar var".

Mia.az-ın məlumatına əsasən, bu sözləri Teleqraf-a YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.

O qeyd edib ki, uzun müddət dövlət idarəçiliyində yüksək postda çalışmış şəxsin sonradan belə əməllərini ortaya çıxıb: “Eyni zamanda, bu əməllər araşdırılmalıdır ki, o, hansı dövrdə olub. Ola bilsin, o, vəzifədən çıxdıqdan sonra nalayiq işlərlə məşğul olmağa başlayıb. Məhkəmə olacaq və orada bu məsələlər açılacaq”.

YAP İdarə Heyətinin üzvü bildirib ki, vəzifəsindən, tutduğu postdan asılı olmayaraq hər hansı bir şəxsin xətası varsa, cəzasını çəkməlidir: “Demokratiyanın ən bariz nümunəsi də məhz budur. Ola bilsin ki, onun işlədiyi dövrdə böyük nailiyyətləri də olub. Amma eyni zamanda xəta edirsənsə, ona cavab verməlisən, cəzasını çəkməlisən”.

A.Rəhimzadə Ramiz Mehdiyevin hazırda YAP Veteranlar Şurasında qaldığını bildirib: “Ancaq onun faktiki YAP-da heç bir fəaliyyəti yoxdur. Bu məsələ olmasaydı belə o, YAP-dan uzaqlaşdırılmalı idi. Bununla bağlı hələlik hər hansı məsələ qaldırılmayıb. Amma mütləq qərar veriləcək”.

Qeyd edək ki, Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının və partiyanın Veteranlar şurasının üzvüdür. 2021-ci ilin mart ayına qədər YAP İdarə Heyətinin üzvü olub.