Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, filologiya elmləri doktoru Elnarə Akimova şəhid Bəxtiyar Güloğlan oğlu Muradovun ailəsini ziyarət edib.
Mia.az-ın məlumatına əsasən, Bəxtiyar Muradov 2022-ci il sentyabrın 13-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatlar zamanı, Kəlbəcər istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. 19 yaşında şəhidlik zirvəsinə ucalan Bəxtiyar ailənin yeganə övladı idi.
Ziyarət zamanı Elnarə Akimova şəhidin valideynləri ilə səmimi söhbət edib, onların övlad itkisindən doğan kədərini və eyni zamanda qürur hissini bölüşüb.
Deputat bildirib ki, Bəxtiyar kimi gənclərin qəhrəmanlığı Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və gələcək nəsillərin azadlığının rəmzidir:
“Belə gənclərin ömür hekayəsi qısa olsa da, mənası bütöv bir xalqın yaddaşında əbədiləşir. Onların valideynləri isə həm qürurun, həm də dözümün simvoludur. Hər bir şəhid ailəsi bizim üçün müqəddəsdir.”
Valideynlər Bəxtiyarla bağlı xatirələrini bölüşüb, onun uşaqlıq illərindən, vətənpərvərliyindən, arzularından danışıblar. Evin hər küncündə o gəncin izi, şəklinin işığı, səsi var. Bəxtiyarın otağında çəkilən xatirə şəkillərinə baxarkən, Elnarə Akimova da duyğulanıb:
“Təsəlli tapmaq çətindir, amma bu gənclərin igidliyi millətin mənəvi gücüdür. Onlardan geriyə qalan xatirələr, ordenlər, medallar — hər biri Vətən tariximizin şərəf nişanəsidir.”
Bəxtiyar Muradovun igidliyinə görə “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edildiyi də qeyd olunub. Deputat vurğulayıb ki, bu kimi gənclərin adlarını yaşatmaq hər birimizin mənəvi borcudur.
Ziyarətin sonunda Elnarə Akimova şəhidin ailəsinə dərin ehtiramını ifadə edib, Bəxtiyar Muradovun ruhuna Allahdan rəhmət, ailəsinə səbir diləyib:
“Bu ailələr bizim mənəvi dirəyimizdir. Şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq.”