"Bir müddət öncə ölkənin ən böyük banklarından biri olan "Kapital Bank"ın müştərisinin şəxsi məlumatlarını üçüncü tərəfə ötürülməsi ilə bağlı status yazmışdım. Təəssüflə bildirmək istərdim ki, bank baş vermiş bu arzuolunmaz halı təsdiq etdi. Zatən də ortada fakt var idi. Belə ki, bank baş vermiş hadisəyə isti yanaşaraq bu xoşagəlməz hadisəni araşdırdı və açıqlamasını verdi".

Mia.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi, hazırda  Media, Korporativ Kommunikasiya və PR üzrə mütəxəssis kimi fəaliyyət göstərən İlham Aslanov Feysbuk-dakı səhifəsində yazıb.

O, daha sonra vaxtilə paylaşdığı və tələb irəli sürdüyü "Kapitalnbank"dan verilən cavabı paylaşıb:

""Kapital Bank"ın açıqlamasını olduğu kimi diqqətinizə çatdırıram.

"Müştəri məlumatlarının qorunması ilə bağlı məqamlar həm Azərbaycan Respublikasının qanunvericiliyi, həm də bankın daxili normativ sənədləri ilə tənzimlənir. Bundan irəli gələrək əməkdaşlarımız müştəri məlumatlarının məxfiliyinin qorunması ilə bağlı xüsusi təlimatlar alır və onların fəaliyyəti xüsusi nəzarət mexanizmi ilə təqib olunur.

Sözügedən mövzu hazırki media sorğusu daxil olmadan öncə daxili nəzarət mexanizmləri nəticəsində müəyyən edilmiş və araşdırma başladılmışdır. Araşdırma nəticəsində qeyd olunan hal əmək və icra intizamının pozulması hesab edildiyindən əməkdaş barəsində müvafiq intizam tədbiri görülmüşdür.

Qeyd edirik ki, müştəri məlumatlarının qorunması bankımız üçün ən vacib məsələdir və bank bu kimi hallara dözümsüz yanaşır, həmçinin bu istiqmətdə davamlı olaraq zəruri tədbirlər həyata keçirilir".

Yeri gəlmişkən, İ.Aslanovun qaldırdığı bu problemlə bağlı Mia.az olaraq biz də banka sorğu vermişdik. Qurumun media katibi Arzu Əliyeva tezliklə sorğuya cavab veriləcəyini açqılamışdı...

F.ƏHMƏD

MİA.AZ