Dünən Suriya təhlükəsizlik qüvvələri ilə PKK/YPG qüvvələri olan və rəsmi adı Suriya Demokratik Qüvvələri (SDQ) adlanan qrupaşmanın silahlıları arasında toqquşma olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, SDQ silahlıları hökumət qüvvələrinin postuna hücum çəkib. Nəticədə 2 nəfər ölüb, çoxlu yaralılar var.

Məlumata görə, bundan sonra Hələbdə aktiv döyüş bərpa olunub. Ölən və yaralananlar haqqında detallı məlumat olmasa da, səhərə yaxın tərəflər arasında atəşkəs anlaşması əldə olunduğu deyilir.

Məlumatda deyilir ki, artıq aktiv döyüşlərin getdiyi Əşrəfiyyə və Şeyx Məqsud məhəllələrində sakitlik yaranıb.

Hələbin yerli hökuməti isə hər ehtimala bu gün üçün şəhərdəki bütün təhsil və dövlət müəssisələrinin fəaliyyətlərinə ara veriblər.

Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin Baba da Suriyanın rəsmi dövlət xəbər kanalına açıqlamasında PKK/YPG hücumları nəticəsində 25 mülki vətəndaşın yaralandığını bildirib: "İlkin məlumata görə, mətbuat mənsublarındna biri də yaralanıb"

Nazirlik sözçüsü döyüşən tərəflər arasındakı ölən və yaralananlar ahqda informasiya verməkdən yayınıb.

Tahir Şəlvəli
MİA.AZ