"Ötən həftə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə II Milli Rəqabət Forumu keçirilib".
Mia.az xəbər verir ki, bu məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şura üzvü, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Onun sözlərinə görə, əvvəlki Forumdan fərqli olaraq bu Forum Antiinhisarın birbaşa Prezident yanında fəaliyyət göstərən qurum olaraq ilk tədbiri idi:
OSMAN GÜNDÜZ
"Bu tədbirlə bağlı açıqlanan məlumatlarda diqqətimi cəlb edən 2 məqam oldu. Açıqlanan məlumatlardan dərhal gözə dəydi bu Forumda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də iştirak edib. Daim məşğul olan nazirin hər hansı çıxışının olmadığı halda, həm də ilk dəfə olaraq Antiinhisarın tədbirinə qatılması diqqət cəlb edən məqamdır. İndiyədək "Antiinhisar"ın tədbirlərində Rəşad müəllimin iştirakını xatırlamıram. Təbii inhisar subyektlərinə sahib olan bu Nazirlik, əvvəllər də uzun illər "Antiinhisar"la məhkəmə çəkişmələrində olub və münasibətlər də soyuq olub".
Osman Gündüz iddia edir ki, uzun illər "Aztelekom"la "Baktelekom"un da birləşməsinə "Antiinhisar" imkan verməyib, hətta bununla bağlı uzun sürən məhkəmə çəkişmələri olub: "Ötən il də Antiinhisarın RİNN-ə qarşı daha kəskin bir çəkişməsi başlamışdı: "Xatırladıram ki ötən ilin 15 Avqustunda bütün provayderlər Aztelekom dövlət provayderinin təşəbbüsü ilə EYNİ ANDA minimal internet tariflərini qaldrımışdılar. O zaman Məmməd Abbasbəylinin rəhbərliyi altında olan Antiinhisar provayderlərin bu addımını “kartel sövdələşməsi və vətəndaşların seçim hüquqlarının məhdudlaşdırılması” kimi dəyərləndirərək RİNN-ə qarşı növbəti iş qaldırmışdı.
Maraqlıdır ki, bundan dərhal sonra Antiinhisar-ın yenidən təşkililə bağlı qərarlar qəbul edildi və Məmməd müəllim də tutduğu vəzifədən azad edildi.
İndi görünən odur ki, RİNN ilə Antiinhisar arasında münasibətlər yumşalana oxşayır.
Hələlik Antiinhisarın həmin adı çəkilən “kartel sövdələşməsi” araşdırmasından da xəbər yoxdur.
Xatırladıram ki, təbii inhisar subyekti olan, hazırda AZCON tərkibində fəaliyyət göstərən Aztelekom ötən ilki “15 Avqust Tarif Şoku” ilə Rəqabət Məcəlləsinin 7 maddəsinin tələblərini pozub.
Hazırda hər ay təxminən 100 milyon manat qazanan bu dövlət şirkəti heç olmasa regionlarda minimal tariflərlə bağlı vətəndaşlara seçim imkanı yaratmayıb.
Yeri gəlmişkən, Antiinhisarın Dövlət Agentliyinə çevrilib Forum təşkil etməsində diqqət cəlb edən ikinci məqam da müstəqil ekspertlərin bu Foruma dəvət edilməməsi olub".
Samir MUSAYEV
MİA.AZ