Ölkəmizdə ilk dəfə dünya estetik cərrahlarının konqresi keçiriləcək.
Mia.az xəbər verir ki, "Occupational Aesthetic Congress" adlanan tədbir 4-5 oktyabr 2025-ci il tarixində Gülüstan sarayında “SMEX” (“Signature Moments Experience”) və “Facemark” şirkətlərinin təşkilatçılığı ilə keçiriləcək.
“Səthdən Dərinə” konsepti ilə baş tutacaq estetik tibb və gözəllik sənayesinin ən nüfuzlu beynəlxalq tədbirlərindən biri olan "Occupational Aesthetic Congress" (OAC) sektorda yeni trendləri, innovativ yanaşmaları və qlobal əməkdaşlıq imkanlarını təqdim etmək üçün iştirakçılarını bir araya gətirəcək.
Konqresin açılış nitqinı fəxri prezident Dr. Ali Şahan edəcək və onun “Estetik Tibb sahəsində Vizyon”a dair geniş çıxışı var.
Spiker və təqdimatçılar arasında estetik həkim Dr. Ahmet Atalık, Prof. Dr. Selçuk Tunal, dermatoloq Dr. Ferial Fania, estetik həkimlər Dr. Servet Karayün və Dr. Sezer Duru, Dr. Nejat Can, DERMAKOR-un qlobal təlimçisi Dr. Samet Şibani, dermatoloq Prof. Dr. Hakan Erbil, Dr. Valerie Philippon, Dr. Emre Kaynak, Dr. Erol Ozan və digərləri də var.
İki gün çəkəcək tədbirdə “Peşəkar Anatomiya Təlimi” mövzusunda təqdimat olacaq. Bundan başqa, “Bütün üz nahiyəsinə canlı inyeksiya ilə eyni vaxtda təzə kadavrda anatomiya quruluşunun nümayişi”, “Canlı Rus dodaq dolğusu tətbiqi (2 pasiyent üzərində)”, “İp ilə Üzün Dartılması”, “Kadavra üzərində Üz Anatomiyasında Təhlükəli Bölgələrin Diseksiyası”, “Maye Üz Gərmə və Biostimulyasiya”, “Süni İntellektlə Planlama və Tam Üz Dolğusu Tətbiqi” və “Canlı pasiyentdə rus üsulu dodaq dolğusu” kimi prosedurlara dair müzakirələr canlı tibbi manipulyasiyalar həyata keçiriləcək.
Qeyd edək ki, “Occupational Aesthetic Congress” estetik tibb sahəsində ən son yeniliklərin, qabaqcıl texnologiyaların və praktik tətbiqlərin paylaşılacağı unikal bir platformadır. Beynəlxalq spikerlərin iştirakı ilə keçiriləcək bu tədbir həm nəzəri biliklərin, həm də canlı tətbiqlərin bir arada təqdim olunması ilə iştirakçılara dəyərli təcrübə qazandıracaq.
Maraqlıdır ki, tədbirin fəxri qonaqları arasında tanınmış türk tarixçisi və akademik İlber Ortaylı və məşhur hipnotist Korzay Koçak də yer alacaq.
Yeri gəlmişkən, bu mötəbər tədbirə informasiya dəstəyi verən media orqanlarının arasında Mia.az saytı da var.
Zülfiyyə Mustafayeva
Mia.az