ADPU-nun Şamaxı filialında Konstitusiya və Suverenlik ili çərçivəsində Dövlət Suverenliyi Gününə həsr olunmuş “Suverenliyimiz – Gücümüz və Qürurumuzdur!” mövzusunda tədbir keçirilib.

Mia.az-ın məlumatına əsasən, əvvəlcə Azərbaycanın dövlət müstəqilliyi və suverenlik mübarizəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Tünzalə Yusifova açaraq ölkəmizin müstəqillik və suverenlik tarixindən, bu dəyərlərin Azərbaycan xalqı üçün əhəmiyyətindən danışmış, milli birliyin və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində suverenliyin rolunu vurğulamışdır. O, çıxışında həmçinin 2020-ci ildə qazanılmış Zəfərin, 44 günlük Vətən müharibəsində qazanılan qələbənin, eləcə də 2023-cü ildə keçirilmiş lokal antiterror tədbirlərinin Azərbaycan Respublikasının suverenliyinin tam bərpa olunmasında əhəmiyyətini xüsusi qeyd etmişdir. Bildirilmişdir ki, bu uğurlar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqın birliyi və ordumuzun rəşadəti sayəsində əldə olunmuşdur. Tünzalə Yusifova, eyni zamanda, Dövlət Suverenliyi Gününün təsis edilməsinin müstəqillik tariximizdə mühüm mərhələ olduğunu vurğulamış, bu günün Azərbaycan xalqının qürur və iftixar günü kimi əbədiləşdiyini bildirmişdir.

Daha sonra Sosial və xüsusi fənlər kafedrasının dosenti Talıblı Sübhan “Suverenliyin bərpası və milli siyasi iradə” mövzusunda məruzə edərək Azərbaycanın müstəqillik yolunda keçdiyi siyasi mübarizə mərhələlərindən bəhs etmişdir. O, çıxışında dövlət suverenliyinin yalnız siyasi qərarlarla deyil, həm də xalqın iradəsi və mübarizəsi ilə möhkəmləndiyini qeyd etmiş, bu yolda gənc nəslin üzərinə düşən vəzifələrdən danışmışdır.

Tədbirdə digər çıxışlar da dinlənilmişdir:

Dosent Alıcanov Mayıl “Azərbaycanın suverenlik mübarizəsi keçmişdən bugünə” mövzusunda çıxış edərək müstəqilliyimizin bərpası uğrunda mübarizə tarixinə nəzər salmışdır.

Fəlsəfə üzrə fəlsəfə doktoru, müəllim Mikayılov Şasəddin “Müstəqilliyimizin konstitusion əsasları” mövzusunda çıxış edərək Konstitusiyanın suverenliyin təminindəki rolunu vurğulamışdır.

İbtidai sinif müəllimliyi ixtisasının III kurs tələbəsi Musazadə Pərvanə “Milli suverenlik və gənc nəsil: dəyərlərdən gələcəyə” mövzusunda çıxış edərək gənclərin vətənə bağlılığından danışmışdır.

Məktəbəqədər təhsil ixtisası üzrə II kurs tələbəsi Əsgərova Zeynəb Nazim Zeynalovun “Odlar yurdum, Azərbaycan!” şeirini, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Cəbrayılova Nuranə Baba Vəziroğlunun “Vətən” şeirini ifa etmişdir.

Tədbir iştirakçıların fəal iştirakı ilə başa çatmış, Azərbaycan Respublikasının suverenliyinin, müstəqilliyinin və milli birliyinin əhəmiyyəti bir daha vurğulanmışdır.