İsrailin baş naziri Benyamin Netanyahu Dohaya endirilən hava hücumundan sonra Qətərin tutduğu mövqeyi sərt dillə tənqid edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Qərbi Qüdsdəki ofisində mətbuat konfransında sualları cavablandırıb. 

Netanyahu bildirib ki, Qətər İsrailə qarşı və eyni zamanda, HƏMAS-ın tərəfini tutmaqla danışıqlar prosesində səmimi davranmayıb: "Qətər istəsəydi, HƏMAS-a daha güclü təzyiq göstərə bilərdi və oğurlanmış bütün israilli girovları azad etməmizə kömək edə bilərdi. Qətər HƏMAS-la əlaqəlidir, onu dəstəkləyir, onu maliyyələşdirir. Siz "Əl-Cəzirə" televiziyasına baxın, orada ancaq insanlar antisemitizm, anti-sionizm və illərlə anti-Amerikanlıq görəcəklər".

Ölkəsinin Qətəri bombalamaslına haqq qazandıran Netanyahu 2001-ci il 11 sentyabr hadisələrindən iki həftə sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qəbul etdiyi 1373 saylı qətnaməni xatırladıb: "Həmin qətanmədə nə yazılır? "Terrorçular harada olurlarsa olsunlar, zərərsizləşdirilməlidir". Elə deyilmi?! 

Biz də bu qətnaməyə uyğun davranaraq terrorçuları vurmuşuq. Necə ki, ABŞ bu qətnaməyə əsaslanaraq, Əfqanıstanı bombaladı, Pakistanda əməliyyat keçirdi. Biz də Qətərdə oxşar addımı atdıq. Nəticə açıq və aydındr. Eyni zamanda, bu, HƏMAS liderlərinə və İsrailin hər yerdəki düşmənlərinə çox güclü mesajdır".

Samir MUSAYEV
MİA.AZ