“Qarabağ” Futbol Klubunun (FK) baş məşqçisi Qurban Qurbanov jurnalistləri oğlu Musanın toyuna dəvət edib.

Mia.az xəbər verir ki, toy sentyabrın 8-də “Neolit” restoranında olacaq.

Toyda tanınmış adamların iştirakı gözlənilir.

Keçən ilin noyabrında nişanlanan, “Qarabağ” Futbol Klubunun hücumçusu, 23 yaşlı Musa Qurbanlı evlənir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun yeganə oğlu olan Musa “Qoç Ət restoran və Fermer market” MMC-nin rəhbərlərindən biri olan Sənan Təhməzovun qızı Əsmər Umidzadə ilə ailə quracaq. 

Q.Qurbanovun qudası və onun qardaşı Qəhrəman Təhməzov təkcə restoran şəbəkəsi ilə yox, 44 günlük müharibə zamanı cəbhəyə aktiv yardım aparan iş adamları kimi tanınır. 

Təsadüfi deyil ki, iş adamlarının Qarabağ sevgisi hökumət tərəfindən laqeyd qarşılanmayıb. Qayıdış proqramı çərçivəsində işğaldan azad edilən rayonlarda öz sərmayəsi hesabına restoran fəaliyyəti, kənd təsərrüfatının heyvandarlıq sahəsində, həmçinin otelçiik xidməti göstərilməsi üçün MMC rəhbərliyi hökumətə müraciət edərək müsbət cavab alıb. 

Qardaşların biznesinə aid olan “Qoç Ət” Şuşada açılan ilk restorandı. Restoranın yerləşdiyi Pənahəli xan küçəsindəki binanı da onlar təmir edib. Ümumiyyətlə, “Qoç Ət” həm də xüsusi kontingenti ilə fərqlənir. Əsasən, dindar təbəqənin insanlarının üstünlük verdiyi ictimai iaşə müəssisəsi kimi tanınır. 

Sənan Təhməzovun qızı, Musa Qurbanlının nişanlısı Əsmər Umidzadə Bakı Dövlət Universitetini bu il bitirib. Onun Musa ilə nişanına dair görüntülər sosial şəbəkədə maraqla qarşılanmışdı. Görüntülərdə bahalı brendlərə məxsus əşyalar və dəstlər Qurbanovun gəlininə necə səxavətli oldugu müzakirəsini yaratmışdı. 

S.Təhməzovun qızı bir neçə il bundan əvvəl də hicab qalmaqalı ilə gündəmə gəlmişdi. 2016-cı ilin oktyabr ayında o, təhsil aldığı Xəzər Universitetinin “Dünya Məktəbi”ndə digər şagird Ayşə Nadirova ilə birlikdə hicab bağladığı üçün dərslərə buraxılmamışdı. O zaman Qurbanovun qudası mediaya bildirmişdi ki, onun qızının geyimi vahid məktəbli formasına zidd deyil. S.Təhməzov azyaşlı qızının hicab bağlamasını uşağın dini inancı və sərbəst seçimi ilə əlaqələndirmişdi. Məktəb rəhbərliyi isə öz növbəsində bildirmişdi ki, daxili qaydalara uyğun qərar verilib və narazı valideynlərə uşaqlarını məktəbdən çıxarmağı təklif etmişdi.

Qudaların dindar olması toyun dərvişsayağı (musiqisiz, dəbdəbəsiz və qadınların iştirakı olmadan) keçiriləcəyi ehtimalını yaradıb. Çünki Q.Qurbanovun qardaşı qızı ilə evlənən, “Qarabağ”ın oyunçusu Abbas Hüseynovun toyu da dindar toyu olmuşdu.

Toydan 8 gün sonra “Qarabağ” Avroliqa oyunları çərçivəsində ilk görüş üçün səfərə yollanacaq və bu oyunda əsas heyətin hücumçularından biri Musa Qurbanlıdı.

Mövhumatçılıq olmasın, görəsən, təzə bəyin ayağı düşərli olacaqmı?

Allah mübarək eləsin.

Subaylarçün olsun.

Zülfiyyə Mustafayeva
Mia.az