Müğənni Niyam Salami uzun müddətdir gündəmdə olan “yarım milyonluq dələduzluq işi”ndə bəraət alıb.

Mia.az Musavat.com-a istinadla xəbər verir ki, sənətçi bu barədə şəxsi sosial media hesabında yayımladığı videomüraciətində məlumat verib.

Niyam Salaminin sözlərinə görə, keçmiş biznes şəriki, iş adamı Tural Cəfərov onu aldadaraq, saxta kağıza imza atdırıb. Kağızda “Yazdıqlarıma cavabdehəm” qeydi olsa da, sonradan həmin sənəd saxtalaşdırılaraq, müğənnidən 550 min manat tələb edilib.

Məsələ məhkəməyə çıxarıldıqdan sonra, 11 sentyabr 2024-cü ildə Şirvan Kommersiya Məhkəməsi Tural Cəfərovun iddiasını təmin edib və Niyam Salaminin 500 000 manat kompensasiya, üstəlik 790 manat dövlət rüsumu ödəməsi barədə qərar qəbul edib.

Lakin müğənni hökm ilə razılaşmayaraq apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi isə Kommersiya Məhkəməsinin qərarını tamamilə ləğv edərək, Niyam Salaminin xeyrinə hökm çıxarıb. Beləliklə, sənətçiyə bəraət verilib.

Əlavə olaraq, məhkəmə iş adamı Tural Cəfərov və digərləri barəsində qərar çıxarıb və onların əməllərində Cinayət Məcəlləsinin 320-ci maddəsinə uyğun – “saxta sənəd hazırlama” şübhəsi ilə araşdırma başladılıb.

Müğənni bildirib ki, qarşı tərəf apellyasiya instansiyasının qərarından Ali Məhkəməyə müraciət etsə də, şikayət təmin edilməyib.

Hazırda işin Tural Cəfərov və onunla əlaqəli şəxslər üzrə cinayət təhqiqatı davam edir.

Niyam Salami isə videomüraciətində ədalətin bərpa olunduğunu və bu çətin prosesdə ona dəstək olan hər kəsə təşəkkür etdiyini bildirib.