"Dünən atamın 75 yaşı tamam oldu. Yaşasaydı yubileyini birlikdə qeyd edəcəkdik. 5 aydır ki, atam bizi tərk edib. Onun üçün o qədər darıxıram ki. Mənim də, oğlum Muradın da gözü hər zaman qapıdadır. Biz hələ də onun yoxluğuna inanmırıq. Elə bilirik ki, qapı açılacaq və o içəri girəcək".

Mia.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, mərhum sənətkar Ənvər Həsənovun qızı Aytən Həsənova deyib.

O daha sonra atasının məzar daşının hələ də hazır olmadığını bildirib. Buna səbəb isə maddiyatdır: "Atamın məzarüstü abidəsi hələ də hazır deyil. 10 gün bundan əvvəl xalq artisti Rasim Balayev məzar daşı üçün 700 manat köməklik etdi. Dedi ki, mənim gücüm buna çatır. Sağ olsun. 700 manatın üstünü düzəldə bilmədik ki, məzar daşını hazırladım. Başqa heç kim köməklik etməyib. Atamın sağlığında hərdənbir zəng edib maraqlanırdılar. İndi heç kim maraqlanmır. Mədəniyyət Nazirliyinə də müraciət etmişdim. Onlar öncədən demişdilər ki, bizim maliyyəmiz yoxdur. Bir bilsəniz kimlərə kömək üçün ağız açdım. Heç biri yaxın durmadı. 700 manatla mən nə düzəldə biləcəyəm? Bizim də maddi imkanımız yoxdur. Nə mən çalışıram, nə də oğlum. Atam öz dövrünün ən məşhur aktyorlardandır. Düşünürəm ki, ona münasibət belə olmamalı idi" deyə sənətkarın övladı bildirib.

Qeyd edək ki, xalq artisti Ənvər Həsənov bu il mart ayının 16-da vəfat edib.

MİA.AZ