Xəqani CƏFƏRLİ

Politoloq

***

Raşizmin ideoloqlarından biri Aleksandr Duqin bəyan edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin Vaşinqtonda imzalanması Rusiyanın Cənubi Qafqaz siyasətinin uğursuzluğa düçar olmasıdır. “Bu müqavilə bizim gücsüzlüyümüzün sübutudur. Biz artıq postsovet məkanına nəzarət etmirik”.

Azərbaycanın varlığı üçün ən böyük təhlükə olan Rusiyanın Cənubi Qafqazda və bütövlükdə postsovet məkanında məğlubiyyəti Azərbaycanın istiqlalının və təhlükəsiliyinin əsas şərtdir. Buna görə də məntiqlə raşizmin məğlubiyyəti Azərbaycanın dostlarını sevindirməlidir.

Duqinin pərəstişkarı olan Doğu Perinçek Azərbaycan üçün böyük əhəmiyyətə malik “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”na (TRIPP) qarşı terror təşkilatlarının da daxil olduğu ümumi cəbhə yaratmağa çalışır. Vətən Partiyasının sədri Doğu Perinçek partiyasının qərargahında keçirdiyi mətbuat konfransında bəyan edib ki, TRIPP Çinin “Kəmər, yol” layihəsinə qarşı olduğu kimi Rusiya və İranın da maraqlarına qarşıdır. ABŞ-ın bu layihənin gerçəkləşməsinə təkid edəcəyi halda silahlı toqquşmaların yaşanacağını “proqnoz”laşdıran Perinçek TRIPP-ın gerçəkləşməsinin qarşısının alınması üçün fəaliyyətə başladıqlarını elan edib. Perinçek artıq Rusiya, İran, Çin və Fələstinin təmsilçiləri, eləcə də Fələstindəki döyüşən qrupların (terrorçular) təmsilçiləri ilə birgə mübarizə ilə bağlı razılağa gəldiklərini çox açıq ifadələrlə bəyan etdiyi kimi, Putin adminstrasiyasının yüksək vəzifəli rəsmisi ilə görüşərək danışıqlar aparıbdığını da açıqlayıb.

Duqin və Perinçeklə yanaşı Məhəmməd Əmin Rəsulzadənin yadigarı olan Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünalın “Sülh göyərçin(!) Tramp və Zəngəzur” başlıqlı məqaləsi təəssüf doğurur.

Cəmil bəy yalnız siyasətdən, dünyadakı güclər nibətindən bixəbər insanlar kimi yazır ki, “Niyə dəhlizin təhlükəsizliyi, keçidə nəzarət və bununla bağlı bütün səlahiyyətlər Azərbaycan və Ermənistanın birlikdə yaradacaqları, Türkiyənin də içində olacağı bir təşkilata verilmək əvəzinə, gələcəkdə hər cür problemi yaradacaq bir yapıya malik olan Trampa verilir?”

Oxşar müzakirələr “Əsrin müqaviləsi”nin imzalanmasından əvvəl və sonrakı dövrdə də vardı. O zaman bəziləri “Əsrin müqaviləsi”ndə ABŞ və Böyük Britaniya şirkətlərinin payının çoxluğuna, Türkiyənin payının azlığına görə Azərabyacn hakimiyyəti sərt tənqid edirdi.

O zaman olduğu kimi indi də bir çoxları hələ də anlamır ki, belə böyük layihələri dünya gücləri gerçəkləşdirdikdə işlək ola bilər. Neft ehtiyatlarına görə Venesuela birinci, İran üçüncü, İrak dördüncüdür. İran həm də təbii qaz ehtiyaytına görə dünyada ikinci yerdədir. Venesula, İran və İrakın fəlakətli vəziyyəti təsdiqləyir ki, əsas olan zəngin neft və qaz yataqları deyil. Əsas olan həmin zənginlikləri işə salmaq bacarığıdır.

“Zəngəzur dəhlizi” öz-özlüyündə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən kiçik bir keçiddir. Bu keçid o zaman böyük əhəmiyyət kəsb etməyə başlayır ki, dünyanın iqtisadi gücləri ona maraq göstərir. Dəhlizlər isə o zaman işlək olur ki, onun fəaliyyətində dünyanın super güclərindən ən azı biri maraqlı olur. Bu gün dünyada üç iqtisadi güc var. ABŞ, Avropa İttifaqı və Çin. Bu güclərin maraqlı olmadığı istənilən keçid, yol ancaq məhəlli xarakter daşıya bilər. Strateji əhəmiyyətli dəhlizə çevrilən keçidlərin işləkliyini isə ancaq ABŞ və Böyük Britaniya təmin edə bilər. Bu mənada mövcud olmayan Zəngəzur dəhlizinin TRIPP-a çevrilməsi Azərbaycanın həyati əhəmiyyətli maraqlarına tam uyğundur.

Cəmil Ünalın məqaləsinə bu qədər geniş toxunmağım səbəbsiz deyil. Azərbaycan cəmiyyətində belə düşünənlər var ki, Azərbaycan bu layihəni Türkiyə ilə birlikdə həyata keçirməli, Ermənistanla müqavilə Vaşinqtonda deyil, Ankarada imzalanmalı idi.

Türkiyə qardaş dövlətimiz, təbii müttəfiqimizdir. Amma Türkiyə həm də çoxsaylı problemləri olan regional dövlətdir. “Əsrin müqaviləsi”nin nümunəsi də göstərir ki, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən kiçik bir keçidi ABŞ-la birgə istifadə edərək onu strateji əhəmiyyətli yola çevirəcək ən doğru qərardır. Buna görə də Cəmil bəyin “Yaxın Şərq coğrafiyasını qan gölünə çevirən, on minlərlə günahsız insanın qətliamının səbəbkarı olan bir adama böyük bir coğrafiyanın gələcəyini təslim etmək ağıl işi deyil” fikiri çox yanlışdır.

Rusiya təhlükəsinin qarşısını ala biləcək bəlkə də yeganə dövlət ABŞ-dır. Azərbaycanın həyata keçirdiyi layihələrdə ABŞ-ın iştirakı Azərbaycanın təhlükəsizliyinin yeganə zəmanətidir. Buna görə də, TRIPP-a qarşı çıxmaq çox böyük yanlışlıq və Azərbaycanın maraqlarını başqa maraqlara qurban vermək cəhdidir.

MİA.AZ