Azərbaycan futbol klublarının Avrokubok macəraları davam edir. Futbol həvəskarları sevinir, media isə stadionlarda ortaya çıxan problemlərin üzündən işini normal həyata keçirə bilmir.

Mia.az xəbər verir ki, UEFA çətiri altında baş tutan bu oyunlardan əvvəl Avropadan gələn nümayəndələr oyunların keçirildiyi stadionların şəraiti ilə tanış olur.

Məsələn, millinin Qəbələdə keçirilən oyunundan əvvəl FİFA yetkililəri stadionun bəzi tələblərə cavab vermədiyini bildirmiş və daha sonra bizimkilər iradları nəzərə alaraq təmir-yenilənmə işlərini həyata keçirmişdilər.

Bu ildən Premyer Liqa klublarının sayı artılır, futbolun bölgələrə nüfuzu genişlənir və beləliklə, regiondakı stadionların da Avropa standartlarına cavab verməsi zərurəti yaranır. Nəzərə alaq ki, futbol üzrə millinin sentyabr ayına Fransa ilə nəzərdə tutulan oyununun Gəncədə baş tutması planlaşdırılır.

Heç Bakıdakı stadionlarda medianın işləməsi üçün normal şəraitin olmadığı bir vaxtda regionlarda Avropa və ya dünya səviyyəli oyunlarda aqibətimizin necə olacağını düşünə bilmirsən. “Sabah” FK-nın ev oyunlarını keçirdiyi “Bank Respubliika Arena”nın sınıq-salxaq oturacaqlarını keçən həftə bütün dünya gördü. “Azərsun Arena”da oturacaqların üstündəki əl qalınlığında tozu təmizləmək adamdan hünər istəyir. Media otaqlarında zatən akustik vəziyyət sıfır. Səsi keyfiyyətli yazmaq üçün son modern avadanlıq lazımdı. “Sumqayıt” FK-nın media otağında elə bil quyunun dibində səs yazısı aparırsan.

Yenə bunlara dözmək olar.

O gün hamının “Neftçi Arena” kimi tanıdığı, amma avrokubok oyunlarında dönüb “8 km” stadionu olan yerdə “Zirə" - "Hayduk” oyunu zamanı yaşanan rəzalət nəydi, hörmətli AFFA? Stadionun tualetlərini bağlamaq hansı etik çərçivəyə, tərbiyəyə, mədəniyyətə, Avropa standartlarına sığırdı? 

O gün stadionda 3500-dən çox bizim azarkeş vardı. Hər halda, “Zirə”nin açıqlamasında belə deyilirdi. Xorvatiyadan isə nə az, nə çox, 400 nəfər gəlmişdi. Təsəvvür edin, bu qədər adamın olduğu stadionda tualetlər bağlı! Böyüklər birtəhər dözdü, uşaqlar nə günə qaldı, bilirsinizmi? Oyundan sonra stadionun ətrafındakı şamlığa qaçan uşaqların düşdüğü aciz durumun, bizimkilərinsə rəzalətinin sübutunun görüntüləri əlimizdə var da, sadəcə, özümüzə ayıb bilirik yaymağı. 

Amma heç olmasa, xorvat azarkeşlərdən utanaydınız siz. Budu sizin Avropa standartı? Mən media sektordakı tualetin bağlı olmasından dolayı narahatlığımı həm yazaraq, həm də şəxsən demişdim “Zirə”çilərə. Amma “8 km” stadionu onların deyil ki. “Zirə” rəsmiləri də onlara məxsus olmayan stadionun rəhbərliyi ilə danışmışdılar. “Zirə”nin mətbuat xidməti düz yanımda əyləşmişdi, demişdim ona mən. Hələ üstəlik, oyundan sonra stadion rəsmiləri ilə də əlaqa saxlamağa cəhd elədim. “Neftçi”nin mətbuat xidmətinə zəng elədim. Səs-səmir yox.  

Bizimkiləri başa düşdüm, UEFA nümayəndələri o gün hara baxırdı? Bəlkə həmin gün tualet yalnız UEFA qonaqları üçün açıq olub, nə bilim.

Avrokubok oyunlarını “Sabah” öz meydanında keçirir. Oranın media otağı tam bir bunker. İnternet siqnalını tutmur. Deyilənə görə, jurnalistlərə pulsuz internet verilir o otaqda.

Mən sizin interneti neyləyirəm, hörmətli stadion tikənlər? Niyə sizin imtiyazınıza möhtac eləmisiniz medianı? Bizim internet üçün kifayət qədər meqabaytımız var, sizə ehtiyacımız yox. Siz otaq tikəndə onun texniki konfuqurasiyasını niyə qulaqardına vurmusunuz? Qənaət etmisiniz? Mən niyə özümü bunkerdə hiss etməliyəm? Mətbuat konfransında oturan jurnalistin internetə çıxışının olmaması tam bir rəzalətdi, bunu anlayan varmı? 

Yeri gəlmişkən, mia.az-ın əməkdaşı bu problemi dəfələrlə “Sabah” textiki heyətinin diqqətinə çatdırıb. Bundan AFFA da xəbərdardı. Problemi həll etmək əvəzinə, hər dəfə mənim ağzımı bağlamağa çalışırlar. UEFA nümayəndəsinə yaxınlaşmaq istədim o gün, şikayətim var, - deyə, stadion işçiləri imkan vermədi. Mətbuat xidməti qulaqardına vurdu. Nə olacaq bu minvalla? Avrokubok oyunları davam edir, hələ qarşıda millinin oyunları var. Bu sürprizlərə son qoymağın vaxtı deyilmi?

Mia.az-ın əməkdaşı bununla bağlı artıq UEFA-nın müvafiq departamentinə rəsmi məktubla şikayət edib. Növbəti oyunlarda imkan versələr, UEFA nümayəndələrinə yaxınlaşmağa yenə cəhd edəcəm.

Görüm, UEFA da Azərbaycandı, ya yox.

Zülfiyyə Mustafayeva
Mia.az