Bakıda məsciddə törədilən qətllə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a bildirilib ki, iyulun 26-da saat 05 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən “İmamzadə” məscidində 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1996-ci il təvəllüdlü Elvin Məmmədovun bıçaqla xəsarətlər yetirərək Nadir Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.
***
İyulun 26-na keçən gecə paytaxtın Bülbülə qəsəbəsində yerləşən İmam Ümmət məscidində qətl törədilib.
MİA.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, gecə saat 04 radələrində 1990-cı il təvəllüdlü Nadir Səfərov məscidin namaz otağında yatdığı yerdə qətlə yetirilib. 32 bıçaq xəsarəti alan şəxs hadisə yerində ölüb.
Keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Elvin Məmmədov polis tərəfindən saxlanılıb.
Vətən müharibəsi iştirakçısı olan Elvinin psixoloji problemlərinin olduğu və tərəflər arasında hadisədən bir qədər əvvəl şəxsi münasibətlər zəminində mübahisənin yarandığı bildirilir.
Qətlə yetirilən N.Səfərovun Bülbülədə hörmətli şəxs olduğu, xeyriyyəçi kimi tanındığı qeyd edilir.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.