Əziyyət çək, burax işvəni, nazı,
Bütün günü kompüterdə yaz yazı.
Çox hesab et sənə verilən azı,
Az maaşla günün olubdu qara,
Ay jurnalist, sən hara, bayram hara?

Barmaqların yazmaqdan olsun qabar,
Nəyə lazım əlli manatlıq nübar?
Pulun azdır, qəlbin etməsin qübar,
Fikir çəkmə, canın salma azara,
Ay jurnalist, sən hara, bayram hara?

Nəyə gərək israf büdcədən gedə, 
Tamah salma yağa, pendirə, südə.
Az maaşla kirə, kommunal ödə,
Nə məcburdu sən gedəsən bazara?
Ay jurnalist, sən hara, bayram hara?

Ucuzluğu yuxuda gör, seyr elə,
Xam xəyal qur, sən ömrünü ver yelə.
Xəstəliyi, dərdi gətirmə dilə,
Yoxsa səni vallah çəkərlər dara, 
Ay jurnalist, sən hara, bayram hara?

Taksi nədi, sən piyada gəz dolan,
Tıxaclardır hər gün xatirə qalan.
Şan-şöhrətin, adın-sanın bir yalan,
Quru adla gedəcəsəksən məzara,
Ay jurnalist, sən hara, bayram hara?

Sən yetimsən, kim var canına yana?
Dərd-sərini məzlum halından qana?
Borc, kredit səni yığmasın cana,
Çox üzülmə, gəl sən düşmə zinhara,
Ay jurnalist, sən hara, bayram hara?

Vəfalıyam, dedim sözün düzünü,
Pulsuzluğun qorxutmasın gözünü.
Cəsarət et, sən ələ al özünü 
İşlə, qazan, olmayasan avara,
Ay jurnalist, sən hara, bayram hara?

Təbriz VƏFALI,

Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-şair, publisist

Mia.az