Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar.
Mia.az xəbər verir ki, ölkə əhəmiyyətli memarlıq abidələri siyahısında olan bu binada vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. Heydər Əliyev Fondu tərəfindən 2022-ci ildən aparılan bərpa işləri zamanı bina ilkin vəziyyətinə qaytarılıb. Yaradıcılıq Mərkəzi 2023-cü il mayın 10-da istifadəyə verilib.
Sərgidə Ulu Öndər Heydər Əliyevin Qarabağın sosial, iqtisadi, siyasi və mədəni inkişafında xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Burada, eyni zamanda, Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə, keçirdiyi müxtəlif görüş və tədbirlərə aid fotolar da yer alıb.
Qeyd edək ki, 1969-cu ildən Qarabağın və Şərqi Zəngəzurun tarixində böyük dönüş dövrü başladı. Dahi şəxsiyyət mürəkkəb tarixi şəraitdə belə bölgə həyatının bütün sahələrində geniş islahatlar aparmağa nail oldu. 1979-cu ildə Ağdam–Xankəndi dəmir yolunun istismara verilməsi Qarabağın digər rayonlarımızla təsərrüfat və iqtisadi cəhətdən daha sıx birləşdirilməsi baxımından Ulu Öndərin strateji addımı olmaqla yanaşı, həm də böyük tarixi xidməti idi.
***
Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar.
Mia.az xəbər verir ki, işğal zamanı ermənilərin bu heykəlləri Ermənistana apararaq əritmək istədikləri barədə Qurbanqulu Berdiməhəmmədova məlumat verilib.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və bir müddət Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra isə həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşa şəhərində inşa edilən birinci yaşayış kompleksində olublar.
Mia.az xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına və Türkmənistan Xalq Məsləhətinin sədrinə kompleks barədə məlumat verib.
İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Bu kompleksin təməlini 2021-ci ilin avqustunda Azərbaycan Prezidenti qoyub. Yaşayış kompleksində ümumilikdə 450 mənzil var. Onlardan 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı, 7-si isə beşotaqlıdır. Burada keçmiş məcburi köçkünlər və Şuşa şəhərində müxtəlif dövlət qurumlarında çalışan şəxslər üçün xidməti mənzillər istifadəyə verilib. Bu yaşayış kompleksinə indiyədək 376 keçmiş məcburi köçkün ailəsi, ümumilikdə isə 1409 nəfər köçürülüb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib.