Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da “Sea Breeze” istirahət mərkəzində olublar.

Mia.az xəbər verir ki, “Sea Breeze”in təsisçisi Emin Ağalarov dövlət başçısına və Türkmənistan Xalq Məsləhətinin sədrinə Xəzər dənizinin sahilində yerləşən kurort ərazisində həyata keçirilən və qarşıdakı dövr üçün nəzərdə tutulan layihələr barədə məlumat verib.

Qeyd olunub ki, bu istirahət mərkəzini paytaxtdan cəmi 30 dəqiqəlik məsafə ayırır. Müxtəlif formatda çoxsaylı daşınmaz əmlak obyektlərini bir araya gətirən “Sea Breeze” dünyada nadir layihə hesab olunur. Burada indiyədək 3 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilərək istifadəyə verilib, 500-dən artıq daşınmaz əmlak obyekti tikilib. Bundan başqa, ərazidə 50 hektar sahəni əhatə edən aypara şəklində nadir süni yarımada da yaradılacaq.

“Sea Breeze”də artıq 20 min sakin yaşayır. 2028-ci ilə qədər isə onların sayı 50 mindən çox olacaq. Layihə tam yekunlaşdırıldıqdan sonra burada 500 min sakin yaşayacaq.

“Sea Breeze”də sakinlər və qonaqlar üçün rahat şəraitin yaradılması, eləcə də onların asudə vaxtının səmərəli təşkili məqsədilə zəruri infrastruktur qurulub. Belə ki, burada istirahət zonaları, parklar və çimərliklər üçün 150 hektardan çox ərazi ayrılıb, məktəb, uşaq bağçası, xəstəxana tikilib, təxminən 10 milyon bitki və ağac əkilərək, yaşıllıq sahələrinin ümumi ərazisi 300 hektara çatdırılıb. Hazırda 500 hektar ərazini əhatə edən “Sea Breeze”in əsas layihələri sahilboyu yerləşir.

“Sea Breeze”in ərazisində 6560 nəfər işlə təmin olunub, gələcəkdə bu rəqəmin xeyli artırılması planlaşdırılır. Layihəyə yatırılan ümumi investisiyanın məbləği 3 milyard ABŞ dollarına çatıb. Növbəti beş ildə isə 10 milyard dollardan çox sərmayənin cəlb olunması planlaşdırılır.