Qəzzada savaş başlayandan bəri müəmmalı davranışları ilə seçilən Fələstin prezidenti Mahmud Abbas Böyük Britaniyanın keçmiş baş naziri Tony Blair ilə görüşündə Qəzzadakı savaşdan söz açıb.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, uzun müddətdir Qəzzadakı vəziyyəti görməzdən gələn Mahmud Abbas İsrailin Qəzza zolağındakı işğal olunmuş ərazilərdən çıxmasının bölgədəki sabitliyin yeganə təmiinatı olacağını deyib.

Fələstinin WAFA rəsmi xəbər agentliyi yazır ki, görüş Abbasın İordaniyanın paytaxtı Əmmandakı evində baş tutub.

Abbas sabiq baş nazirlə görüşdə bildirib ki, Qəzzada təcili atəşkəs lazımdır, bütün israilli və fələstinli əsirlər azad olunmalıdır: "Humanitar yardım təcili olaraq Qəzza zolağına çatdırılmalıdır. Qəzzada yeganə həll yolu İsrailin tamamilə geri çəkilməsi və beynəlxalq ictimaiyyətin dəstəyi ilə Fələstin Dövlətinin bölgədəki bütün məsuliyyətləri öz üzərinə götürməsini təmin etməkdir"

Tahir Şəlvəli
MİA.AZ