Prezident İlham Əliyev Milli Məclisin iyunun 21-də qəbul etdiyi Torpaq, Mülki Prosessual, Mülki Məcəllələrində, “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Mia.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi zamanı şəhadətnamə almaq üçün müraciət etməmiş şəxslərin də hüquqları təmin ediləcək.

Həmçinin miras şərikləri arasında miras paylara sərəncam verilməsini nəzərdə tutan yeni qaydalar müəyyən edilib.

Belə ki, notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin (miras şəriklərinin) də mirasdan onlara çatacaq paylarını müəyyən edərək həmin şəhadətnamədə göstərir.

Dəyişikliyə əsasən, daşınmaz əmlakın dövlət reyestrini və daşınar əmlakın rəsmi reyestrlərini aparan orqan tərəfindən Mülki Məcəllənin 1325.2-ci maddəsində nəzərdə tutulmuş vərəsələr (miras şərikləri) və onların payları barədə məlumat müvafiq reyestrə daxil edilir.

Hər bir miras şəriki Məcəllənin 1325.2-ci maddəsində müəyyən edilmiş payına da vərəsəlik şəhadətnaməsi ala bilər.

Mülki Məcəllənin 1325.2-ci maddəsində nəzərdə tutulmuş miras şəriklərinin miras paylarına sərəncam vermək hüquqları var. Həmin şəxslər vərəsəlik şahadətnaməsi alanadək notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən miras paylarına sərəncam verə bilərlər.

Miras şərikləri arasında miras paylara sərəncam verilməsi haqqında müqavilə əsasında miras payı əldə etmiş vərəsənin mirasdakı payı əldə etdiyi pay nisbətinə uyğun artırılır və vərəsəlik şəhadətnaməsində yekun payı göstərilir.

Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya bütün vərəsələr mirasdan imtina edibsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilibsə, vərəsələri olmayan əmlak dövlətə keçir;

Əgər miras qoyan şəxs sosial xidmət müəssisələrinin təminatında olubsa, qanunla dövlət mülkiyyətinə keçməli olan daşınar əmlak istisna olmaqla həmin şəxslərə məxsus daşınar əmlak onların mülkiyyətinə keçəcək.

Bundan başqa, mirasın qəbul edilməsinin xüsusi müddəti və mirasın qəbul edilməsi vaxtının uzadılması ilə bağlı maddələr ləğv edilib.

Bundan başqa, dövlət başçısı sözegedən qanunun tətbiqi barədə sərəncam imzalayıb. Sərəncama görə, Nazirlər Kabineti Mülki Məcəllənin 1254-cü maddəsinə uyğun olaraq, notarius tərəfindən mirasın siyahıya alınması qaydasının müəyyən edilməsi məqsədilə “Notariat haqqında” qanunda dəyişiklik edilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, qanundan irəli gələn digər məsələləri həll etməlidir.