Yekaterinburqda baş verənlər Rusiyanın azərbaycanlılara qarşı zorakılığı ilə bağlı ilk belə hadisə deyil. 20 Yanvar faciəsi, Xocalı soyqırımı və 30 illik işğalın arxasında əsasən Rusiyanın dayandığı Azərbaycan cəmiyyətində bilinir və unudulmayıb.

Bu gün Rusiya mediasında aparılan anti-Azərbaycan kampaniyası, ictimai şüurda “miqrant təhlükəsi” anlayışının yaradılması və azərbaycanlıların kriminal obrazda təqdim olunması həm xalqın alt şüurundakı reallıqları, həm də Moskvanın Azərbaycanla bağlı real siyasi mövqeyini aydın göstərir. Çünki Yekaterinburq olayları sıradan hüquq-mühafizə əməliyyatı deyil. Zamanlama, seçilmiş hədəflər və tətbiq olunan metodlar açıq şəkildə göstərir ki, bu, bütövlükdə Azərbaycana qarşı məqsədli və planlı təzyiqdir.

Rusiya həm regionda, həm də beynəlxalq səviyyədə mövqeyini itirməkdədir. Xüsusilə Ukrayna müharibəsi Moskvanın siyasi, iqtisadi və hərbi imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Bu səbəbdən Kremlin daxili problemlərini gizlətmək, ictimaiyyətin diqqətini yayındırmaq üçün xarici düşmən obrazları yaratması labüddür. Azərbaycan isə bu “düşmənlər” sırasındakı önəmli hədəfdir.

Birincisi, Azərbaycan postsovet məkanında Rusiya hegemonluğuna qarşı açıq müstəqil siyasət yürüdən, Qərb və digər regional güclərlə əlaqələrini aktiv şəkildə inkişaf etdirən nadir ölkələrdəndir.

İkincisi, Qarabağ müharibəsi və onun nəticələri ilə Azərbaycanın regionda artan siyasi və hərbi gücü Moskvanın maraqlarına ciddi təhlükə kimi görülür.

Bu iki amil bir daha göstərir ki, Yekaterinburqdakı hadisələr təkcə bir qrup azərbaycanlının cəzalandırılması deyil, həm də Azərbaycan cəmiyyətində qorxu və çaşqınlıq yaratmaq məqsədi güdən psixoloji təzyiqdir. Rusiya bu zorakılıq vasitəsilə “hər kəs üçün təhlükə var” deyir, Azərbaycanın regional nüfuzuna kölgə salmağa çalışır.

Kremlin Bakıya təzyiq siyasəti bundan sonra da müxtəlif kanallarla etnik, dini və sosial zəminlərdə davam etdiriləcək. Aydın məsələdir ki, Azərbaycan buna cavabsız qalmayacaq. “Sputnik Azərbaycan”ın ofisində keçirilən əməliyyat zamanı iki FTX agentinin saxlanılması ilə Bakı Rusiya kəşfiyyatının Azərbaycandakı fəaliyyətlərini ifşa etmək və sərt tədbir görəcəyi mesajını verir.

İstisna deyil ki, Azərbaycan Rusiyanın təzyiqlərinə qarşı durmaq və daha adekvat cavab vermək üçün geosiyasi müstəvidə addım atacaq. Məsələn, Türkiyə ilə strateji inteqrasiya daha da dərinləşdirilə bilər. Bundan başqa, Avropa İttifaqı, ABŞ və Çin kimi güclərlə əlaqələrin sıxlaşdırılması mümkündür. Regional və qlobal güclərin Azərbaycandakı maraqlarının artması və Bakının buna “yaşıl işıq” yandırması Kremlə ciddi siqnal olar.

Turan Rzayev

MİA.AZ