Bələdiyyələrə uzunmüddətli kreditlər verilməlidir ki, onlar məktəbəqədər təhsil müəssisələri yaratsınlar.
Mia.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında deyib.
O qeyd edib ki, hazırda bir valideynin işləməsi ilə ailəni dolandırmaq çətindir:
“Ona görə hər iki valideyn işləməli olur. Bəs belə halda uşaqları harada saxlamaq lazımdır? Qanunvericilikdə bu məsələlərə yenidən baxılmalıdır”.
Komitə sədri vurğulayıb ki, hazırda ölkədə Elm və Təhsil Nazirliyinin tabeliyində 1700-ə qədər məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir:
"Təklif edirəm ki, Mənzil Məcəlləsinə yeni maddə əlavə olunsun. Qanunda dəyişiklik edək ki, hər yeni tikilən binada məktəbəqədər təhsil müəssisəsi yaradılsın. Bu tələb qoyulsa, məktəbəqədər təhsil müəssisələrinin sayı ciddi şəkildə artar"(Report).