Rusiyanın rəsmi xəbər agentliyi “RİA Novosti”nin “Moskva Bakının Rusiyanın yeni regionları və Krımı tanımasına ümid edir” xəbəri hazırkı məqamda diqqət çəkir.

Uzun müddətdir dolayı yollarla gündəmdə saxlanılan məsələ bu dəfə daha açıq şəkildə ifadə olunub. Rusiya Azərbaycanın Krım da daxil olmaqla Ukraynanın işğal olunmuş ərazilərini “tanımasına” açıq şəkildə ümid bəslədiyini bəyan edib.

Bu xəbər nə sürprizdir, nə də tamamilə gözlənilməz. Rusiya–Ukrayna müharibəsinin ilk günündən Moskva beynəlxalq təcriddən çıxmaq və müttəfiq dairəsini genişləndirmək məqsədilə müxtəlif vasitələrdən istifadə edir. Lakin indiyədək Kreml məsələni bu cür açıq formada dilə gətirmirdi.

Azərbaycanın xarici siyasətindəki mövqe dəyişməz olaraq qalır. Rəsmi Bakı dövlətlərin ərazi bütövlüyü prinsipini qətiyyətlə müdafiə edir. Bu, yalnız beynəlxalq hüququn tələb etdiyi məsuliyyət deyil, həm də Azərbaycanın 30 il davam edən Qarabağ münaqişəsi zamanı özünün prinsip kimi irəli sürdüyü yanaşmanın başqalarına da tətbiqidir. Yəni Azərbaycan məsələyə selektiv deyil, ümumi prinsip kimi baxır. Bir vaxtlar torpaqları işğala məruz qalan ölkənin indi Krım və digər işğal olunmuş Ukrayna ərazilərini tanıması tamamilə ziddiyyət təşkil edərdi.

Moskva artıq “bizimlə birlikdənsənsə, bunu sübut et” çağırışına keçib. Lakin unudulmamalıdır ki, bu tələb Rusiyanın təsir dairəsində olan digər ölkələrə xüsusilə Ermənistan kimi tərəflərə yönəldilə bilər. Azərbaycan isə Rusiyanın təsir dairəsindəki ölkələrdən deyil. Bu çağırış Bakı üçün heç bir “böyük seçim” yaratmır. Çünki Azərbaycan xarici siyasətini nə Moskvanın, nə də Qərbin diktəsi ilə deyil, öz prinsipial və pragmatik mövqeyi əsasında formalaşdırır. Bakı həm Qərbin, həm də Rusiyanın diktəsi ilə hərəkət etmir və bu, ölkənin regionda güclü müstəqil oyunçu statusunun açıq göstəricisidir.

Azərbaycan bu tip açıq mesajlara emosional və ya sərt ritorika ilə deyil, soyuqqanlı və prinsipial siyasi yanaşma ilə cavab verir ki, bu da daha çox nəticə verir. Bu mövqe yalnız Krım və işğal edilmiş digər Ukrayna torpaqları ilə bağlı deyil. Kosovodan tutmuş Tayvana, Cənubi Osetiyadan Kəşmir məsələsinə qədər Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır.

Rusiyanın bu çağırışı Bakının qarşısına ilk dəfə çıxmır və son da olmayacaq. Lakin Azərbaycanın diplomatik xətti aydındır: tərəf tutmaq deyil, prinsip tutmaq əsasdır. Bu prinsipial mövqe sayəsində Azərbaycan həm regionda balansı qoruyur, həm də beynəlxalq hüququn tərəfində olduğunu nümayiş etdirir.

Turan Rzayev, 

Politoloq

MİA.AZ