Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirləndirilən idmançıların cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.
Növbəti prosesi iyunun 25-ə təyin olunub.
Xatırladaq ki, hadisə bu ilin yanvar ayının 4-də Bakının Xətai rayonunda baş verib. Məlumata görə, idmançılar - Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum ediblər. İnsidentdən sonra sözügedən şəxslər saxlanılıblar. Məlum olub ki, onları bu əməli Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanovun sifarişi ilə törədiblər.
Məhkəmənin qərarı ilə Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində həbs qətimkan tədbiri, Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İdmançılar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham olunurlar.