Təbriz Vəfalı: “Əgər peşəkar və vicdanlı jurnalistsənsə, qələmini sındır, amma satma”
Mia.az-ın müsahibi “İmperator” ləqəbli tanınmış tədqiqatçı jurnalist, Azərbaycan İnformasiya Mərkəzinin direktoru Təbriz Vəfalıdır.
- Təbriz müəllim, əvvəlcə gəlin “İmperator” ləqəbinin yaranma tarixcəsi ilə bağlı söhbət edək. Bu ləqəbi sizə kim və nəyə görə verib?
- 2009-cu ilin avqust ayı idi. Öz maliyyə vəsaitim hesabına Azərbaycanda analoqu olmayan “İmperator” adlı qəzet nəşr etdirmişdim. Sırf mafiya həyatından və kriminal aləmin “oğru dünyası”ndan bəhs edən bu qəzetin bütün sərbəst mövzularda olan yazılarını özüm yazmışdım. Türk, rus və ingilis dilində olan məqalələri mən tərcümə etmişdim. Yazıların korrekturasını, redaktəsini, hətta qəzetin dizaynını belə özüm etmişdim.
“İmperator”un bir neçə nüsxəsini Azərbaycan Mətbuat Şurasına apardım. Həmin vaxtlarda bu qurumun sədri Əflatun Amaşov idi. Şurada qəzetim çox maraqla qarşılandı. Əflatun müəllim də çox bəyəndi və ətrafdakılara dedi ki, Azərbaycanda tanıdığım peşəkar, vicdanlı və zəhmətkeş jurnalistlərdən ən birincisi Təbriz Vəfalıdır, o mətbuatımızın “İmperator”udur. Bu görüşdən sonra dəfələrlə tədbirlərdə Əflatun Amaşov məni hər kəsin yanında “İmperator” deyə çağırdı. Bundan sonra həm bəzi məmurlar, həm də əksər baş redaktorlar və jurnalist həmkarlarım mənə “İmperator” deməyə başladılar.
- “İmperator” qəzetinin taleyi necə oldu?
- Əvvəlcə bildirim ki, 2007-ci ildə “Mafiya. Zor və ağlı özündə birləşdirən məxfi qurum” adlı kitabım nəşr olunmuşdu. 2010-cu ildə oxucuların çoxsaylı xahişlərini nəzərə alaraq “Min bir mahnı” nəşriyyatı sözügedən kitabı təkrar və çoxtirajla çap etdirdi. “İmperator” qəzeti ictimaiyyətdə çox populyarlıq qazandı və onun əksər oxucuları da adıçəkilən kitabımın oxucuları idi. Qəzetimin növbəti buraxılışlarının hazırlanması və davamlı nəşri üçün xeyli maliyyə vəsaiti lazım idi. Amma zəif maddi durumum buna imkan vermədi. Təsisçilik etmək istəyənlər oldu. Ancaq onlar qəzetdə hakimiyyət əleyhinə yazıların yazılmasını, siyasi mövzularda çıxışların dərcini istədilər, amma razılaşmadım. Ona görə də qəzetin nəşri birdəfəlik dayandı.
- Respublikamızın ən qalmaqallı jurnalistlərindən birisiniz. Azərbaycan mətbuatının bəzi tanınmış simaları istər köşələri, istərsə də qalmaqallı yazıları anonim imzalarla yazıblar. Bəs sizin anonim imzalarınız olubmu?
- Əlbəttə. Mənim əsas iki anonim imzam olub Nurcan Qartal və Atilla Ödər. “Aydın Fikir” qəzetində baş redaktor işlədiyim dövrlərdə qalmaqallı, tənqidi yazılarımı bu imzalarla verirdim. Həmin imzaların mənə məxsus olduğunu bilən 2-3 jurnalist var idi. Hətta ailə üzvlərim, qohumlarım və dost-tanışlarım Nurcan Qartalın və Atilla Ödərin kim olduğunu bilmirdilər. Bu imzalarla yazdığım məqalələr ictimaiyyətdə çox səs-küy yaradırdı. Yazılarımda hədəfim olan məmurlar geniş oxucu kütləsi tərəfindən kəskin tənqidlərlə məruz qalırdılar. Dəfələrlə redaksiyamızı, baş redaktor kimi məni təhdid edən, bizə hədə-qorxu gəlməyə çalışan, qəzetdə təkzib verdirtmək istəyən məmurlar da var idi. Hətta Abşeronda fəaliyyət göstərən bir notariat kontorunun müdiri onun haqqında tənqidi və dəqiq faktlarla zəngin yazının müəllifi Nurcan Qartalı Yasamal rayon Məhkəməsinə vermişdi. İddia ərizəsində müdir yazmışdı ki, Nurcan Qartal yanıma gəldi, əleyhimə məqalə yazmaması üçün məndən xeyli məbləğdə pul istədi: “Mən ona hüquqşünas olduğumu bildirirərək rüşvət vermənin və almanın bir cinayət əməli olduğunu bildirdim və onun qanunlarımıza hörmət etməsini istədim. Vəkilim də buna şahiddir. Amma Nurcan Qartal dediklərimə məhəl qoymadı və barəmdə həqiqətəuyğun olmayan, dezinformasiyalarla dolu şantaj xarakterli məqalə yazdı”.
Məhkəmədə notariat kontoru müdirinin vəkili iddiaçı, mən də baş redaktor kimi cavabdeh idim. Məhkəmə başlayanda hakim məndən şəxsiyyət vəsiqəmi və press-kartımı istədi. Verdim. Sonra vəkildən soruşdu ki, bu adamı tanıyırsanmı, rüşvət istəyən bu idi? Vəkil ded ki, bu jurnalisti tanımıram, Nurcan Qartal hündürboy, qarayanız, arıq idi. Hakim bildirdi ki, gedin Nurcan Qartalı tapın gətirin, əks halda məhkəmə işə xitam verəcək. Məhkəmə mənim lehimə qərar çıxartdı və toyumdan 3 gün əvvəl məhkəməni uddum. Təsəvvür edin ki, həm qız, həm oğlan tərəfi toya qızğın hazırlaşır, mən də məhkəmədəyəm. Evdəkilərə demişəm ki, toyumun keçiriləcəyi şadlıq sarayına gedirəm, amma məhkəmə zalına getmişəm. Bu hadisəni ilk dəfə sizə nəql edirəm. Həyat yoldaşımın, övladlarımın, qardaşlarımın və digər qohum-əqrəbamın sözügedən məhkəmə işindən hələ də xəbərləri yoxdur.
Onu da əlavə edim ki, həmin dövrlərdə məni tanıyan bəzi məmurlar Nurcan Qartalın və Atilla Ödərin yazılarından baş redaktor kimi mənə tez-tez şikayət edirdilər. Məndən dönə-dönə xahiş edirdilər ki, onların yazılarını “Aydın fikir”də çap etdirməyim. Mən də hər dəfə Nurcanla Atillanın təsisçinin yaxın qohumları olduğunu, onları tanımadığımı və elektron poçtumuza göndərdikləri yazılarını qəzetdə çap etdirməsəm işdən qovulacağımı deyirdim. Bir sözlə, taccir-tüccar dili ilanı yuvasından çıxartdığı kimi mən də şirin dilimi işə salıb şikayətçi məmurları sakitləşdirirdim. Hətta bəzi məmurlar təkziblərin verilməsi, yaxud, onların barəsində tərifli məqalələrin yazılması üçün pul təklif edirdilər. Lakin razılıq vermirdim. Çünki mənim üçün sadəcə bir prinsip var. Əgər peşəkar və vicdanlı jurnalistsənsə, qələmini sındır, amma satma. Çox şükür, bu günədək qələmimi satmamışam.
– İllər əvvəl Azərbaycanda yalnız şair Ayaz Cəfərov və siz “Vəfalı” təxəllüsü ilə çıxış etmisiniz. Ancaq son illərdə özlərinə “Vəfalı” təxəllüsü götürənlərin sayı xeyli artıb. Onların arasında müğənnilər də, qələm əhli də var. Bunu nəylə əlaqələndirirsiniz?
– Ayaz Vəfalı şair kimi bu təxəllüsdən istifadə edib və özünü vəfalı, sadiq bir insan kimi cəmiyyətə, ictimaiyyətə təqdim edib. Ancaq mənim bu təxəllüsü götürməyimin Ayaz müəllimlə yaxından, uzaqdan heç bir əlaqəsi yoxdur. 1992-ci ildə 20 yaşlı bacım, dünyada ən çox sevdiyim insan olan Vəfa xanım rəhmətə gedib və həmin ildən də onun adını yaşatmaq üçün “Təbriz Vəfalı” imzasıyla yazıram. Özümə bu təxəllüsü götürəndə Ayaz Vəfalı haqqında eşitməmişdim. Yəni, eyni təxəllüsdən istifadə etməyimiz tamamilə bir təsadüfdür. Lakin həm jurnalist, həm yazıçı-şair və publisist kimi “Vəfalı” təxəllüsü ilə ən çox tanınan insan mənəm. Ona görə də düşünürəm ki, populyarlığım son illərdə “Vəfalı” təxəllüsünə müraciət edənlərin sayının artmasına səbəb olub. Hətta tanıdığım və şəxsi tanışlığım olan insanlar var ki, əvvəllər ad və soyadları ilə çıxış edirdilər, sonradan soyadlarından imtina edərək özlərinə “Vəfalı” təxəllüsünü götürdülər. Əsas məsələ təxəllüsü götürmək deyil, bu təxəllüsə layiq vəfalı bir insan olduğunu sübuta yetirməkdir.
Samir MUSAYEV
MİA.AZ