Nigeriyanın şimalında milli idman festivalından dönən idmançıların olduğu avtobus qəzaya uğrayıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qəza nəticəsində aralarında idmançılar, məşqçilər və rəsmilərin də olduğu 22 nəfər ölüb, çoxlu sayda ağır yaralananlar var.

Kano Ştat Qubernatorluğundan bildirilib ki, həyatını itirənlərin əksəriyyəti gənclərdir: "Güman ki, qəza sürücünün yorğunluğu və yüksək sürətdən qaynaqlanıb. Fakt araşdırılır".

Ştatın valisi Abba Kabir Yusuf isə hadisədən şoka düşdüyünü deyib: "Bu faciəvi qəza xəbərini böyük kədərlə aldım. 22 vətəndaşımızı itirdik, çox sayda insan da yaralandı. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara isə Alahdan şəfa diləyirəm"

Nigeriya Milli İdman Komitəsi də baş verən hadisə barədə başsağlığı yayıb: "Həyatınlı qəzada itirənləri heç vaxt unutmayacağıq"

Məlumatda deyilir ki, hadisə ilə əlaqədar Kano bölgəsində birgünlük matəm elan olunub.

Zülfiyyə MUSTAFAYEVA
MİA.AZ