Ermənistan parlamentinin sədri Alen Simonyanın son açıqlaması diqqət çəkir.
Sitat:
“Ermənistanla Azərbaycan sülh şəraitində yaşayacaq, bir-biri ilə ticarət edəcək, əvvəllər olduğu kimi bizim bazarlarda Azərbaycan malları, onların bazarlarında isə Ermənistan malları olacaq. Ermənilərlə azərbaycanlılar yan-yana yaşayacaqlar. Müharibə olmayacaq, sülh olacaq”.
Simonyan, eyni zamanda, Ermənistan daxilində sülhə qarşı çıxanları “Köçəryan-Serj zooparkında yaşayan heyvanlar” adlandırmaqla revanşist müxalifətə açıq şəkildə hücum edib.
Bəllidir ki, gec-tez Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanacaq. Tarixi təcrübə göstərir ki, əbədi müharibə və ya düşmənçilik deyilən anlayış yoxdur. Lakin Alen Simonyanın bu çıxışı zahirdə sülhə çağırış kimi təqdim olunsa da, əslində üç əsas məqsədə xidmət edir:
1. Ermənistan daxilində siyasi mövqeyini möhkəmləndirmək;
2. Beynəlxalq ictimaiyyət qarşısında sülhsevər imic formalaşdırmaq;
3. Populist ritorika ilə daxili təzyiqləri neytrallaşdırmaq.
Simonyanın müxalifəti “zooparkda yaşayan heyvanlar”a bənzətməsi təkcə emosional çıxış deyil. Bu, siyasi ritorika vasitəsilə cəmiyyətə mesaj vermək, sülhü Paşinyan hökumətinin “siyasi mülkiyyəti” kimi təqdim etmək cəhdidir.
Bu tip ifadələr hakimiyyətin daxili legitimlik və siyasi üstünlük axtarışının göstəricisidir.
Bəyanatın başqa bir hədəfi isə Qərb ictimaiyyətidir. Paşinyan hakimiyyəti uzun müddət özünü “sülh tərəfdarı”, Azərbaycanı isə “aqressor” kimi göstərməyə çalışıb. Son illərdə bu bir qədər səngiyib. Simonyanın dili ilə xüsusilə sülh prosesinin durğun mərhələyə keçdiyi bir vaxtda bu bəyanat təsadüfi deyil.
44 günlük Vətən müharibəsi ilə Azərbaycan regionda yeni status-kvo yaradıb. Hazırda Bakı bu status-kvonu qorumaq və möhkəmləndirmək üçün diplomatik müstəvidə aktiv siyasət yürüdür. Əgər Ermənistan sülh sazişinə həqiqətən hazırdırsa, bunu yalnız bəyanatlarla deyil, praktik addımlarla nümayiş etdirməlidir. Əks halda bu çağırışlar sadəcə siyasi manevr və ya zaman qazanmaq cəhdi kimi qəbul olunacaq.
Sülh geosiyasi nəticə, qüvvələr balansı və iradə tələb edən prosesdir. Dövlətlər çox zaman sülhə ya qarşılıqlı maraq, ya da qarşılıqlı qorxu nəticəsində razılaşır. Əgər Ermənistan bu ritorikanı yalnız daxili sabitliyi qorumaq, beynəlxalq təzyiqləri neytrallaşdırmaq və vaxt qazanmaq üçün istifadə edirsə, bu, Azərbaycanı “sülhə məcburetmə diplomatiyası”na keçməyə məcbur edə bilər.
Simonyanın açıqlaması ümumilikdə “diplomatik kosmetika”dır. Azərbaycan bu bəyanatları diqqətlə izləyir, analiz edir. Digər mühüm məqam isə Bakının emosional reaksiya verməməsidir.
Turan Rzayev
MİA.AZ