Şirvan Apellyasiya Məhkəməsində Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyevin ailə üzvünün xüsusi müsadirə edilən əmlakları ilə bağlı qərardan verdiyi apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmü mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, M.Quliyev 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. Korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Onun Bakıda yerləşən 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub. Daha sonra Ali Məhkəmə eks-icra başçısının cəzasını 8 il 3 aya endirib.

Xatırladaq ki, M.Quliyevin ailə üzvü Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmündən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs kimi apellyasiya şikayəti verib. O, məhkəmənin hökmünün mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllədə yerləşən mənzillərin xüsusi müsadirə hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi(pravda).