Milli Məclis dövlət qulluğunun inzibati və yardımçı vəzifələrinin birinci təsnifatının genişləndirilməsini ilk oxunuşda qəbul edib.

Mia.az xəbər verir ki, parlamentin bugünkü plenar iclasında “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilib.

Layihəyə əsasən, inzibati və yardımçı vəzifələrin birinci təsnifatına Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsi də əlavə edilir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2025-ci il fevralın 5-də imzaladığı sərəncamla Muxtar Babayev Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.