Milli Məclisin plenar iclasları nə qədər sakit görünsə də, əslində, bəzi deputatların "saman altından su yeritmələri" salondan deyil, elə jurnalistlərin əyləşdiyi foyedən də aydın görünür.
Mia.az-ın məlumatına görə, adətən savadsız, nitq qabiliyyəti kasad, fikirləri dolaşıq və ya "lal deputat"lar heç vaxt əks üstünlüyü olan deputatları həzm edə bilmir. Onların bir çoxu Milli Məclisə savadını, ölkəyə töhfəsini deyil, dəcəl və ya ərköyün uşaqlar kimi saatını, geyimini, maşınını göstərməyə gəlir.
Məsələn, bir ara saytlarda Milli Məclisin plenar iclaslarına qatılan bəzi deputatların layihə müzakirələrindən daha çox, fotosessiya etmələri haqda xəbərlərlə tirajlanmışdı. O xəbərdən sonra bir çox deputatlar özlərini yığışdırsa da, bəziləri hələ də kəmhövsəlilik edir, yaxud fitrətindəki kin-küdurəti, qısqanclıq və yaltaqlıq duyğularından vaz keçəmmir.
Hələ bir qrup deputat var ki, həmkarları çıxış edərkən, öz arşınları ilə guya onlara "ilişir", yaxud uşaq kimi çığallıq edərək yerdən müdaxilə etməyə, kiminsə sözünü kəsməyə, yaxud həmkarının fikrini yayındırmağa can atır.
Mia.az-ın məlumatına görə, belə deputatlardan biri də İmamverdi İsmayılovdur. O, çıxışa hazırlaşan, yaxud yenicə başlamış deputatların fikirini bitirməmiş yerdən "artıq bəsdir, yorulduq, səsə qoyulsun" sözlərinə artıq vərdiş edib. Bilmək olmur, o, bununla 30 il qapazladığı mandatdan yorulub, yoxsa parlamentdən?
Bəlkə bilmədiyimiz başqa nəsə var?
Hər halda 1958-ci il təvəllüdlü deputatın özünü 2008-ci ilin yeniyetməsi kimi aparması anlaşılan deyil.
Belə yerdə rəhmətlik Cəlal Əliyev yada düşür. Axı, o, vaxtilə belə deputatlara əla dərs verirdi..
Deyəsən, belə getsə, İmamverdi İsmayılov da dərsdə danlanan və ya güncə qoyulan dəcəl şagirdin "dramı"nı yaşayacaq...
Samir MUSAYEV
MİA.AZ