ABŞ İran-İsrail gərginliyi səbəbindən heç kimə satmadığı F-22 döyüş təyyarələrini bu gün artıq Yaxın Şərqə yerləşdirib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Pentaqon bölgəyə nə qədər F-22 təyyarəsinin gəldiyi və onların hansı ölkələrə yerləşdirildiyi barədə məlumatı açıqlamayıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə İran və İsrail arasında yaşanan gərginliyə görə F-22 döyüş təyyarələrini Yaxın Şərqə yerləşdirilmə xəbərini təsdiq etsə də, detallara toxunmayıb: "ABŞ Hərbi Hava Qüvvələrinə aid F-22 Raptor təyyarələri bölgədəki ABŞ qüvvələrinin məsuliyyət bölgəsinə çatıb. Bu, regional təhlükə ehtimalını azaltmaq məqsədiylə qəbul olunan qərardır".

Qərb mətbuatı isə yazır ki, F-22-nin yeganə istifadəçisi olan Amerika Hərbi Hava Qüvvələrinin arsenalında 194 ədəd F-22 var.

İddiaya görə, onlardan 30-a yaxını Yunanıstan, Kipr, İordaniya, İsrail və Aralıq dənizindəki gəmilərdə döyüş hazırlığı vəziyyətində gözləyir.

Xatırladaq ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda qətlə yetirilib. Bundan sonra İran və HƏMAS hücumun arxasında İsrailin olduğunu bəyan edərək, əks xavab zərbəsi ilə bölgəni təhdid altında saxlayırlar.

Tahir Şəlvəli

MİA.AZ