"İtaliya Ukraynaya heç vaxt qoşun göndərməyəcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Reggio Calabria şəhərində jurnalistlərə açıqlaması deyib.

O bildirib ki, ölkəsi Rusiya ilə savaşmır: "Biz hər zaman Rusiya ilə müharibə aparmadığımızı demişik. Ona görə də İtaliya əsgərlərini Ukraynaya döyüşməyə göndərməyəcəyik. Biz Ukraynanı müdafiə edirik və onun müstəqil dövlət olmaq hüququnu, haqqını birmənalı dəstəkləyirik. Ancaq  yenə deyirəm, biz Rusiya ilə müharibədə deyilik”.

XİN başçısı ilə yanaşı, Baş nazirin digər müavini və nəqliyyat infrastrukturu naziri Matteo Salvini də Fransa prezidenti Makronun Ukraynaya hərbçilər göndərmə ehtimalını təkrarlamasına sərt reaksiya verib: "İtalyan əsgəri heç vaxt Makron üçün ölməz". 

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Britaniyanın “The Economist” jurnalına müsahibəsində Fransanın Ukraynaya qoşun göndərmə ehtimalını istisna etməyib: "Rusiya Ukraynada cəbhə xəttini keçərsə və Kiyev hərbi dəstək istəyərsə, biz hərbçi göndərə bilərik".

Lamiyə Əhmədli

MİA.AZ