Bu günlərdə AK Partiyanın İzmirdən deputatı Şebnem Bursalının Fransada bahalı restoranda xərçəng naharı ilə AK Partiyanın parlamentdəki fraksiyasının sədr müavini, Manisadan deputat Bahadır Yenişehirlioğlunun yarım milyonluq Rolex ilə poza verməsi prezident, eyi zamanda, həmin partiyanın lideri Ərdoğan qəzəbləndirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, ötən gün partiya rəhbərləri ilə keçirdiyi 5 saatlıq toplantıda deputatların xalqın yoxsul təbəqəsini qəzəbləndirmələrinə, paylaşımları ilə partiyadan üz döndərmələrinə səbəb verdiyini deyib və onlara barmaq silkələyib.

Martın 31-də keçirilən bələdiyyə seçkilərindəki uğursuzluğun səbəbləri sırasında bu cür bahalı həyat tərzini nümayiş etdirən iqtidar partiyası deputatların rolunun da az olmadığını xüsusi vurğulayan Ərdoğan onlardan özlərini yığışdırmağı tələb edib: "Bir millət vəkili yediyinə, içdiyinə, oturuşuna, geyiminə daha diqqətli olmalı deyilmi? Gərək millət vəkillərinə hər şeyi mən deyəm? Xəbərdarlıqmi etməliyəm ayrıca? Bunları bilməyəcək millət vəkili ola bilərmi?! Bunlar başa düşülməyəcək şeylər deyil ki. Onlar məsuliyyətini dərk etməlidirlər. Bir bahalı saatı ilə özünü gözə soxur, digəri hə, baxın, mən görün harada nə yeyirəm-filan. Belə şey olarmı?".

Ərdoğan daha sonra partiya rəhbərliyinə 31 mart seçkilərindəki uğursuzluqla bağlı ciddi tədbirər almağı tələb edib: "Partiyada kim işini görə bilmirsə, işini görənlə əvəzlənməlidir. Dəyişikliyi daimi göz önündə tutmalıyıq..." 

Zülfiyyə

MİA.AZ