Bakı və Aşqabad qazın svop tədarükünün davam etdirilməsi ilə bağlı danışıqlar aparır.

“İnterfaks” xəbər verir ki, bu barədə İran Milli Qaz Şirkəti (NIGC) məlumat yayıb.

NIGC-nin məlumatına görə, Türkmənistandan İran vasitəsilə Azərbaycana təbii qaz nəqli müvəqqəti olaraq dayandırılıb: “Bakı və Aşqabad bu məsələ ilə bağlı danışıqlar aparır”.

Bildirilib ki, iki ölkə arasında razılıq əldə edildikdən sonra svop qaz tədarükləri bərpa olunacaq.

Xatırladaq ki, 2021-ci il noyabrın 28-də Aşqabadda imzalanmış üçtərəfli svop sazişə əsasən, İran Türkmənistandan tədarük etdiyi təbii qazı Azərbaycana 2022-ci ilin yanvarından nəql etməyə başlayıb. Bu sənədlə Azərbaycana İran vasitəsilə ildə 1,5-2 milyard kubmetrədək Türkmənistan qazının nəqli nəzərdə tutulub.

Qeyd edək ki, Bakıda 2022-ci il iyunun əvvəlində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Ovci arasında anlaşma memorandumu imzalanıb. Burada Türkmənistandan Azərbaycana İran vasitəsilə təbii qaz nəqlinin iki dəfə artırılması nəzərdə tutulub(Report).