"Bu gün Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda savaşan daha bir qəhrəmanımızı sizə tanıtmaq istəyirəm.
Valideynləri əslən Göyçədən olan Abbasov Şəhriyar Məhərrəm oğlu Şəmkir şəhərində doğulub. Ailələri ilə birgə uşaq yaşlarında Ukraynaya, Xarkov şəhərinə köçüblər. Atası Ukraynada hüquq-mühafizə sistemində çalışıb. Şəhriyar 2014-cu ildə başlayan antiterror əməliyyatlarında müdafiə təmir bölüklərində xidmətə başlayıb. Döyüş dostlarının "Şah" deyə cağırdıqları qardaşımız 3 ildir ki, Odessada yaşayır və dəniz piyadalarında müqavilə ilə xidmət edir".
Bu məlumatı Mia.az-a Ukraynanın Odessa şəhərində yaşayan azərbaycanlı jurnalist, diaspor fəalı Anar Natiqoğlu verib.
Onun sözlərinə görə, 2022-ci il savaşı başlayandan hücum desant qrupunun komandiri kimi Donetsk, Luqansk, Xerson istiqamətlərində döyüşlərdə şücaət göstərib: "Soydaşımız buna görə Ukrayna dövləti və hərbi rəhbərlik tərəfindən müxtəlif cür təşəkkürnamə və medal ilə təltif olunub. Səhriyar ailəlidir, ukraynalı xanımı və 8 yaşında Əminə adlı qızı ilə yaşayır. Soydaşımız bu ölkəni özünün ikinci vətəni hesab etdiyi üçün Ukraynanın azadlığı və ərazi bütövlüyünün qorunmasını özünə borc hesab edir. Bu günlərdə yaralanan qəhrəmanımız, eyni zamanda, ana vətən Azərbaycana da bağlıdır və "Mən fəxr edirəm ki, bu xalqın övladıyam" deyir. Tanrıdan ona can sağlığı və qələbə arzulayırıq. Yaşasın Azərbaycan Ukrayna dostluğu".
Samir Musayev
MİA.AZ