“Azərbaycan Milli Elmlər Akademiyasına seçkilərin təşkili və keçirilmə qaydası haqqında Əsasnamə” təsdiq edilib.
Mia.az xəbər verir ki, bununla bağlı məsələ AMEA-nın bu gün keçirilən ümumi yığıncağında müzakirəyə çıxarılıb.
AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən akademik-katib Arif Həşimov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiqlənən AMEA-nın yeni nizamnaməsinə əsasən, “Azərbaycan Milli Elmlər Akademiyasına seçkilərin təşkili və keçirilmə qaydası haqqında Əsasnamə”nin hazırlanması və ümumi yığıncaqda təsdiqi nəzərdə tutulub.
Onun sözlərinə görə, sözügedən əsasnamə hazırlanaraq müzakirə üçün AMEA-nın Rəyasət Heyətinə təqdim edilib və geniş müzakirələrdən sonra bu barədə AMEA-nın ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb.
Akademik Arif Həşimov daha sonra əsasnamənin ümumi müddəaları, AMEA üzvlərinin seçkilərinin təşkili və keçirilməsi qaydaları, üzvlərin vəzifə və funksiyaları haqqında məlumatı diqqətə çatdırıb.
Müzakirələrdən sonra “Azərbaycan Milli Elmlər Akademiyasına seçkilərin təşkili və keçirilmə qaydası haqqında Əsasnamə” təsdiqlənib.
***
AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilir.
Mia.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin AMEA-nın Rəyasət Heyətinin binasında yerləşən büstü önünə tər güllər düzülüb.
İclası AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb.
Akademiyanın prezidenti, akademik İsa Həbibbəyli “AMEA-da yeniləşmə prosesləri: struktur islahatlarından elmi-tədqiqatların yenidən təşkilinə, elektron hərəkata və beynəlxalq elmi qurumlarda təmsil olunmağadək” mövzusunda məruzə ilə çıxış edir.