"Beyləqan korpusunun sabiq komandiri general-mayor Mahmud Həmid oğlu Həmzəyev bu gün vəfat edib. Onun dəfn mərasimi 2-ci Fəxri Xiyabanda, Şəhidlərimizin dəfn olunduğu müqqəddəs məkanda günorta vaxtı həyata keçiriləcək".
Mia.az xəbər verir ki, bu məlumatı hərbi ekspert Üzeyir Cəfərov sosial media səhifəsində açıqlayıb.
O yazıb ki, mərhum generalla bir yerdə xidmət keçmiş, onu tanıyan bütün silahdaşları mərasimdə iştirak etməyə dəvət edib: "Allah cəmi dünyasını dəyişmiş əzizlərimizin, doğmalarımızın və silahdaşlarımızın ruhunu şad, məkanını uca etsin. Allahdan mərhum general Mahmud Həmzəyevin də günahlarını bağışlanmasını və bu cümə axşamı ruhuna rahatlıq arzulayıram".
Xatırladaq ki, Mahmud Həmid oğlu Həmzəyev 31 yanvar 1949-cu ildə Qazax şəhərində anadan olub.
1966-1971-ci illərdə Azərbaycan Neft-Kimya İnstitutunda təhsil alıb.
1971-1973-cü illərdə SSRİ-nin ordu sıralarına xidmət edib.
1973-1975-ci illərdə Neft Daşlarında mühəndis vəzifəsində çalışıb.
1975-ci ilin sonunda öz istəyi ilə ikinci dəfə ordu sıralarına qayıdıb.
1976-1980-ci illərdə tağım komandiri, əlahiddə pulemyot-artilleriya, hərbi hissə komandiri vəzifələrinə qədər yüksəlib.
1984-1987-ci illərdə Moskva şəhərində M.Frunze adına Hərbi Akademiyayada təhsil alıb.
1986-87-ci illərdə əlahiddə tank alayı komandirinin müavini vəzifəsində xidmət edib.
1987-1992-ci illərdə Pribaltika Hərbi Dairəsində I dərəcəli təlim mərkəzinin rəisi vəzifəsində xidmət edib.
1989-cu ildə SSRİ Müdafiə Nazirliyi tərəfindən polkovnik hərbi rütbəsinə layiq görülüb.
SSRİ dağıldıqdan sonra 1992-ci ildə təqaüdə çıxmışdır.
1993-cü ilin sonunda Azərbaycana gələrək ordu sıralarında xidmətə başlamışdır. Xidməti müddətində briqada komandiri, ordu korpusunun qərargah rəisi, ordu korpusunun komandiri vəzifələrində qulluq etmişdir.
2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə general-mayor hərbi rütbəsinə layiq görülmüşdür.
24 iyun 2003-cü ildə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşdur.
2010-cu ilin əvvəllərində öz xahişi ilə ordu sıralarından tərxis olunmuşdur.
Ailəlidir. Bir oğlu, bir qızı, dörd nəvəsi var. Oğlu Pərviz Həmzəyev polis polkovnik-leytenantıdır.
Tahir Şəlvəli
MİA.AZ