Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Ş.Abdullayev küçəsində tikinti aparılması məqsədilə hasara alınmış torpaq sahəsində 7 ağacın kəsildiyi və təbiətə 25080 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Mia.az-ın məlumatına görə, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev açıqlama yayıb.

Bildirib ki, araşdırma zamanı hasara alınmış ərazidə tikinti işlərinin "Gold Star City" şirkəti tərəfindən aparıldığı məlum olub: “Faktla bağlı akt tərtib edilib. Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır”.

***

Bakı şəhəri, Ş. Abdullayev küçəsinin Bülbül prospekti ilə kəsişməsindəki 382-ci məhəllədəki ərazi “Gold Star City” tikinti şirkəti tərəfindən zəbt edilib.

Şirkət ərazidəki çoxillik yaşıllıqları məhv edir.

Mia.az Tribunainfo.az-a istiadla xəbər verir ki, “Gold Star City” MMC-yə məxsus 1 hektar ərazidə 8 ədəd iri gövdəli ağac artıq kəsilib. Həmin ünvanda yaşayan sakinlərin sözlərinə görə, ərazi “PMD” şirkətinə məxsus olub və yaxın vaxtlarda “Gold Star City” tikinti şirkətinə satılıb.

Yaşıllıqları məhv edən tikinti şirkəti “Gold Star City”-yə ərazini satan “PMD” şirkəti iri torpaq mülkiyyətçisi hesab edilir. 2013-cü ildə yaradılan şirkətin ilkin kapitalı 10 milyon manat olub. Şirkətin “Bank Avrasiya” ASC-də pay sahibi olduğu deyilir.

MİA.AZ